Toğrul Maşallı

İqtisadçı

AZAL XƏRCLƏYİR, BORCLARINI İSƏ DÖVLƏT ÖDƏYİR

17.10.2017 / Qanunvericilikdə nəzərdə tutulsa da dövlət şirkəti maliyyə hesabatlarını ictimaiyyətə açaıqlamır

Uzun illər idi ki, Azərbaycanda hava nəqliyyatı infrastrukturu tənqid atəşinə tutulurdu. Buna səbəb yüksək qiymətlər və qiymətə uyğun olmayan xidmətlər idi. Amma son zamanlar vəziyyət qismən dəyişib. Bakıya aşağı büdcəli aviaşirkətlər uçmağa başlayıb, aeroportda göstərilən xidmətlərin keyfiyyəti artıb.

Əgər vaxtilə “Azərbaycan Hava Yolları” QSC-ni (AZAL) hava nəqliyyatı öz əlində cəmlədiyinə görə tənqid olunurdusa, indi artıq H.Əliyev adına Bakı Hava Limanında 30 yaxın aviaşirkət fəaliyyət göstərir. Yalnız bu ilin yayında Bakıya yeni 7 aviaşirkət reyslər həyata keçirməyə başlayıb. Əvvəllər ərəb ölkələrindən yalnız BƏƏ və Qatara reyslər var idisə, indi artıq İraq və Küveytə də uçuşlar həyata keçirilir. Hətta Küveyt istiqaməti üzrə Bakıdan iki aviaşirkət reyslər həyata keçirir. Bununla bərabər, bölgələrdə yerləşən hava limanların istifadəsi də aktuallaşıb. Ancaq bu sahədə hələ xeyli problemlər qalmaqdadır.

Bu il Bakıda ərəb turistlərin artması da hava nəqliyyatındakı bəzi yeniliklərlə bağlıdır. “Iraq Airways” şirkətinə Bakıya uçuşların həyata keçirilməsinə icazə verilməsi, ölkəyə illik 40-50 min əlavə turistin gəlməsinə imkan yaradır.

Bakı Hava Limanının dövriyyəsi artır

Dövlət Statistika Komitəsinin məlumatları göstərir ki, 2017-ci ilin yanvar-iyul aylarında 2016-ci ilin uyğun dövrü ilə müqayisədə hava nəqliyyatında sərnişin daşımalarında 21,3% artım qeydə alınıb. Bu müddət ərzində Bakı Hava Limanınındakı artım isə təxminn 30%-dir.

Diaqram 1-dən göründüyü kimi əvvəlki illər Bakı Hava Limanın dövriyyəsində artım tempi xeyli aşağı olub. Amma 2016-ci ildə artım 9% təşkil edib və aeroport öz sərnişin dövriyyəsində ilk dəfə 3 milyon göstəricisini keçib. Hava Limanının maksimal gücü isə 9 milyon sərnişin təşkil edir. Düzdür böyük aeroportlar üçün bu o qədər də yüksək göstərici deyil. Məsələn, Avropa aeroportları arasında 54-cü yeri tutan və nəqliyyat qovşağı rolu oynamayan Qlazqo hava limanının sərnişin dövriyyəsi 9 milyonu üstələyir.

Amma Bakı Hava Limanı coğrafi imkanlardan istifadə edib sərnişin dövriyyəsini artıra bilər. Rəsmi məlumata görə, hazırda sərnişinlərin 83,5%-i aeroportun beynəlxalq reyslərindən istifadə edirlər. Eyni zamanda bəzi reyslər isə bölgə üçün vacib rol oynayır. Misal üçün, Bakı-Nyu York reysindən həm Gürcüstan, həm İsrail vətəndaşları aktiv istifadə edirlər. Nəticədə bu reysin orta doldurulma səviyyəsi 80% təşkil edib və 10 ay ərzində 34 min sərnişin daşınılıb.

AZAL-ın monopoliyası kövrəlir

AZAL Bakı Lava Limanında əməliyyat göstərən ən iri aviaşirkətdir. Eyni zamanda təşkilati strukturuna görə, aeroport özü də AZAL-a məxsusdur. Nəticə etibarilə maraqlar toqquşur. Amma qeyd edildiyi kimi, müəyyən sahələrdə dövlət şirkətinin payı azaldır. Məsələn, AZAL-ın ümumi sərnişindaşımada payı 2016-ci ildə 51.3%-ə, 2017-ci ilin yanvar-iyul aylarında isə 49.4%-ə düşüb.

Bununla belə, AZAL artıq öz fəaliyyətini genişləndirmək üçün bir neçə yeni istiqamət seçib. İnhisarçı mövqeyinə baxmayaraq AZAL hələ də zərərlə işləyir və kifayət qədər borcları var.

Şəffaflıq və hesabatlıq yox kimidir

Maraqlıdır ki, AZAL-ın fəaliyyəti barədə Azərbaycan çərçivəsində məlumatlar əldə etmək çətindir. Dövlət şirkəti olmasına baxmayaraq, nə öz saytında, nə də digər yerli resurslarda öz hesabatını açıqlamır. Onun hesabatlarını yalnız Böyük Britaniya şirkətlər reestrində, ya da başqa beynəlxalq resurslarda tapmaq olar.

“Mühasibat uçotu haqqında” qanunun və Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı və 1 oktyabr 2014-cü il tarixli 321 saylı qərarlarına əsasən AZAL həm ictimai əhəmiyyətli, həm də dövlət zənaməti ilə kredit alan qurum kimi növbəti ilin aprel ayının sonunadək audit hesabatı ilə birlikdə öz internet səhifəsində dərc etməlidir. Ancaq qurum hələ də hesabatlarını ictimaiyyətə açıqlamır.

Dövlət Statistika Komitəsi isə AZAL-ın fəaliyyəti ilə bağlı yalnız ümumi məlumatları yayır. Həmin məlumatlara əsasən, son 6 il ərzində AZAL-ın sərnişin dövriyyəsi 2.1 dəfə, reyslərin sayı isə 35% artıb. Ən ciddi artım 2014-cü ildə müşahidə olunub. Qeyd edək ki, 2014-cü ildə Bakı Hava Limanının yeni terminalı istifadəyə verilib (Diaqram 2).

AZAL-ın gəliri xərcini ödəmir

AZAL-ın əlçatan son maliyyə hesabatı 2015-ci ilə aiddir və yalnız bu ilin iyulunda Britaniya şirkətlər reyestrində yerləşdirilib. Hətta reyestrdə qeyd olunub ki, Azərbaycan qanunvericiliyinə görə, dövlət şirkəti öz hesabatını il bitəndən sonra 4 ay ərzində yerləşdirilməlidir.

Əldə olan maliyyə hesabatlarına əsasən, 2014-cü ildə AZAL-ın əsas vəsaitlərinin dəyəri 41 faiz artaraq, 1.83 milyard manata çatıb.. Pul vəsaitlərinin hərəkəti hesabatında həmin il sərmayə qoyuluşunun 569 milyon manat olduğu qeyd olunur. Təxmin edə bilərik ki, burada dövlət büdcəsi hesabına Bakı Hava Limanının yeni terminalının tikintisindən söhbət gedir.

Eyni zamanda 2015-ci ildə aviaşirkətin əsas vəsaitləri 2.33 milyard dollardan 1.19 milyard dollara düşüb. Başqa sözlə AZAL-ın əsas vəsaitləri 1 milyard dollar ucuzlaşıb. Maraqlıdır ki, hətta əgər bu devalvasiya ilə bağlıdırsa, həmin il aktivlər yalnız təxminən 30% ucuzlaşmalı idi. Çünki 2015-ci ildə iki devalvasiyanın baş verməsinə baxmayaraq, manatın dollara nisbətdə məzənnəsinin iki dəfə düşməsi yalnız dekabrda baş verib. Hesabat isə illik orta məzənnəyə əsaslanaraq götürülür. Mərkəzi Bankın məlumatına görə isə, 2014-cü ildə ABŞ dollarının manata nisbətən məzənnəsi 0.7844, 2015-ci il üçün isə 1.0261 və yalnız 2016-ci il üçün bu göstərici 1.5959 təşkil edib. Başqa sözlə, 2015-ci ildə məzənnə fərqindən dolayı şirkətin əsas vəsaitlərinin bu qədər azalması istisna olunur, ancaq maliyyə hesabatı isə bu suala cavab verə bilmir. Həmçinin gəlir və xərclərə də nəzər yetirsək, görə bilərik ki, 2015-ci hər iki göstərici xeyli həcmdə azalıb (Diaqram 3). Bu azalma həm dollar, həm manat hesablamalarında mövcuddur.

Şirkətin mənfəətinə gəldikdə isə, 2015-ci ildə şirkət məzənnə fərqindən şərti olaraq 9.5 milyon manat qazanıb. Nəticədə, illik mənfəəti 1.2 milyon manat təşkil edib. Ümumi olaraq, əvvəlki illərə nisbətdə şirkətin xalis mənfəəti 2 dəfə azalıb. Amma əvvəlki illərdə yaranan xalis mənfəət əsasən “digər gəlirlər” bölməsinin hesabına formalaşıb, 2015-ci ildə isə məzənnə fərqinə görə yaranıb. Başqa sözlə desək, təhlil apardığımız dövrdə AZAL əməliyyat mənfəəti əldə etməyib və ölkənin hava nəqliyyatı sistemində inhisarçı rola malik olan, uzun illər ərzində dövlət büdcəsindən investisiya qoyuluşu əldə edən, həmçinin aldığı beynəlxalq kreditlərinin mühüm hissəsi dövlət büdcəsi hesabına qaytarılan bir şirkətinin hansı səbəbdən hələ də əməliyyat mənfəəti əldə edə bilmədiyi suallar yaradır.

Şirkətin borclarını dövlət ödəyir

Qeyd edək ki, 2015-ci ildə, həmçinin şirkətin öhdəlikləri də azalıb. Hesabata görə, 2015-ci ilin axırına şirkətin ümumi öhdəlikləri 815 milyon dollar təşkil edib. Bu öhdəliklər arasında əsas yeri uzunmüddətli borclar (638 milyon) tutur. Onların cari hissəsi 56,6 milyon dollar təşkil edib.

Maliyyə hesabatlarına görə, 2015-ci ildə AZAL-ın öhdəlikləri 41% azalıb. Maliyyə naziri Samir Şərifov 2016-cı il may ayının 31-də Milli Məclisdə büdcə hesabatını təqdim edərkən bildirib ki, AZAL-ın dövlət zəmanətli borcların həcmi 650 milyon dollardan çoxdur. Qeyd edək ki, aviaşirkətin öhdəliklərinə təyyarələrin alınması üşün Mərkəzi Bankdan ayrılmış 210 milyon dollar vəsait də daxildir və 2016-cı ilin əvvəlinə borcun məbləği 269.4 mln. manat təşkil edib.

Hesablama Palatasının 2015-ci ilin dövlət büdcəsinin icrasına dair rəyinə əsasən, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən AZAL-ın “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna” olan borcları silinib. Bu məlumat göstərir ki, əvvəlki dövrdən AZAL-ın dövlət təninatı ilə aldığı kreditlərin müəyyən məbləği fondun vəsaiti hesabına ödənib.

Ali audit qurumunun 2017-ci ilin büdcə layihəsinə dair rəyində ifadə olunur ki, “2017-ci ilin dövlət büdcəsi layihəsində xarici dövlət borcuna xidmət xərclərində əsas borc üzrə ödənişlərin artımının əsas səbəbini xarici valyutada ifadə olunmuş öhdəliklərin yerinə yetirilməsində manat ekvivalenti olaraq daha çox vəsaitin tələb olunduğunu və eyni zamanda bir sıra səhmdar cəmiyyətlər (“Azəralüminium” ASC, “Azərenerji” ASC, “Azərbaycan Hava Yolları” QSC) üzrə verilmiş hökumət zəmanətli kreditlərin qarşılanması ilə əlaqələndirmək olar”.

Başqa sözlə, başqa dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan kredit borclarını ödəməkdə problem yaşayır və bu da dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin artmasına səbəb olub.

Dövlət AZAL-ınbir sıra xarici borclarına görə zəmanət verməklə yanaşı, hər il 10 milyon manat həcmində subsidiya da ayırır. Subsidiyanın əsas məqsədi II Dünya müharibəsi veteranlarının və onlara bərabər tutulan şəxslərin MDB ölkələrinə gedişi və Naxçıvan MR aviareysləri üçün biletlərin güzəştli qiymətlərlə satışından zərərin ödəməkdir.