"AZƏRSU"NUN QIZIL SAYĞACLARI

18.03.2017 / Açıq Hökumət

Ölkə prezidenti 2016-cı ilin martında Bakıda su sayğaclarının quraşdırılmasına 12 milyon manat ayrılması haqqında sərəncam imzalamışdı. Turan Agentliyi 2016-cı ilin avqustunda vəsaitin ayrıldığı “Azərsu” ASC-yə informasiya sorğusu göndərərək, həmin vəsaitlərin necə xərclənməsi ilə bağlı bilgiləri istəyib. Agentlik “Azərsu”ya aşağıdakı sualları ünvanlayıb:

(1) Su sayğaclarının tədarükü üzrə tender nə vaxt elan edilib və nə vaxt keçirilib? (2) Tender şərtləri necə olub? (3) Tenderdə hansı şirkətlər iştirak edib? (4) Tenderdə hansı şirkət qalib gəlib? (5) Tenderin qalibi su sayğaclarını hansı qiymətə, hansı miqdarda və nə vaxta tədarük edəcək? (6) 29 mart 2016-cı il tarixinə qədər alınan sayğaçlar (adi və smart tipli) hansı qiymətə alınıb? (7) Bir sayğaçın quraşdırılması neçəyə başa gəlir və sayğaçın quraşdırılması xərclərini nələr formalaşdırır?

“Azərsu” dekabr ayınadək sorğuya ümumiyyətlə reaksiya verməyib. Agentlik 1 Saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olub. Ötən ilin son günlərində məhkəmə “Azərsu”ya sorğunu cavablandırmaq üçün vaxt verib. Fevral ayınadək “Azərsu” sədrinin müavini Seymur Seyidovun imzası ilə sorğuya cavab göndərilib. Ancaq informasiya sorğusundakı bütün suallara cavab verilməyib.

Saygacların tədarükü ilə bağlı tender şərtləri, tenderin qalibləri ilə bağlı detallı bilgilər, 2016-cı ilin martınadək alınmış sayğacların sayı, növü və qiymətləri barədə bilgilər verilib, ancaq onların quraşdırılma qiyməti, sayğacların maya dəyəri göstəriciləri haqda informasiyalar açıqlanmayıb.

Sayğac istehsalçıları tenderdə iştirak etməyib

Cavabdan bəlli olur ki, “Azərsu” 50 min smart-sayğacın alınması və quraşdırılması ilə bağlı açıq tender keçirib. Tender Suraxanı, Xəzər, Pirallahı, Nizami, Xətai, Sabunçu, Abşeron, Qaradağ, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonlarında, Sumqayıt şəhərində və “Bağlar” bağ massivindəki yaşayış evlərində quraşdırılacaq cəmi 50 min sayğacın tədarükünü ehtiva edən 5 lot üzrə keçirilib.

Sayğacların tədarükü 31 dekabr 2016-cı ilə qədər həyata keçirilməli imiş. Azərsu-nun cavabında qeyd olunur ki, beş lot üzrə qaliblər “İNŞAAT”, “Əsil İnşaatçı-R”, “Anv-İnşaatçı”, “İnşaatçı Neftçi”, “Hidro İnşaat servis” məhdud məsuliyyətli cəmiyyətləri olub.

Turan-ın axtarsa da internet üzərində “Anv-İnşaatçı” MMC-nin adına rast gəlinməyib. “İNŞAAT MMC” adında isə 9 şirkət var. Həmin şirkətlərin ikisi Şirvanda qeydiyyatdan keçib. Maraqlıdır ki, “Azərsu” sayğac almaq üçün sayğac istehsalçılarını deyil, bir qayda olaraq qeyri-profil təşkilatlarını cəlb edib. Həmin yerli şirkətlər vasitəsilə sifariş Gəncə cihazqayırma zavodunda yerləşdirilib.

1 sayğac - 110 manat

“Azərsu”nun cavabında qeyd edilir ki, mexaniki sayğacların bir ədədi ƏDV daxil olmaqla 30 manata, smart tipli sayğacların bir ədədi ƏDV-siz 110 manata alınacaq. Amma tender məlumatında mexaniki sayğaclar haqqında heç nə deyilmir.

Hətta bir ədədi 110 manatdan 50 min smart-sayğac tədarükü barədə tender sifarişi olduğu nəzərə alındığında, belə nəticə alınır ki, tenderin ümumi məbləği 5,5 mln. manat olub. Bəs, prezidentin sərəncamı ilə ayrılmış 12 milyondan yerdə qalan 6,5 milyon manat hanı?

Bu sualın cavabı informasiya sorğusunun 7-ci sualındadır ki, “Azərsu” həmin sualı cavablandırmaqdan imtina edir. “Azərsu”nun nümayəndəsi məhkəmədə şifahi olaraq, “su ölçən sayğacların quraşdırılması xərclərinə bunlar daxildir: Rekor, keçid parçası, süzgəc, vintil, kelepçe, baçonka, mühafizə qutusu və borular, xamutun quraşdırılması və s. Bundan əlavə bu xərclərə maşın mexanizmlər və digər xərclər də daxildir. Su ölçən sayğacların quraşdırılması üçün vasitələr Azərbaycan bazarından alınır. Bazarda isə bu texniki vasitələrin qiyməti məlumdur”, səyləyib və 7-ci suala cavab verməkdən imtina edib.

Turan-ın nümayəndəsi məhkəmədə bildirib ki: “7-ci sualın cavablandırılması, ölkə başçısının sərəncamı ilə sayğacların quraşdırılmasına ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənilmədiyini müəyyən etmək üçün əsas açar sualdır. Çünki, 6 suala verilən cavabdan aydın olur ki, su sayğaclarının alınmasına ölkə başçısının sərəncamı ilə ayrılan 12 milyon manat vəsaitin 40 faizə qədəri xərclənib. Dövlət büdcəsindən ayrılan vəsaitin yerdə qalanının necə xərclənməsi bəlli deyil. Belə görünür ki, “Azərsu” sayğacların quraşdırılmasına onların alınmasından da artıq vəsait xərcləyib - bu isə ağlabatan görünmür. Ona görə də məhkəmə “Azərsu”nun üzərinə sorğunu tam cavablandırmaq vəzifəsi qoyan qərar çıxarmalıdır”. Bununla belə, məhkəmə “Azərsu”nun lehinə qərar verib. 7-ci sual cavabsız qalıb.

“Azərsu” sayğacların qiymətini şişirib?

Turan Agentliyinin Rusiya, Çin və qərb istehsalçılarının sayğac tədarükü təkliflərini araşdırması “Azərsu”nun aldığı sayğacların qiymətlərinin açıq-aşkar şişirdildiyini ortaya çıxarıb. Məsələn, Rusiya istehsalı olan mexaniki sayğacların bir ədədi 7 dollar, qərb analoqları iki dəfə bahadır. Çin istehsalı olan sayğaclar isə cəmi bir neçə dollardır. Amma həmin saygaclar latun və bürüncdən istifadə ilə hazırlanıb və müvafiq keyfiyyət sertifikatları var.

O pula 1 milyon sayğac almaq olardı, “Azərsu” 50 minini alıb...

Çin smart-sayğacları 8 dollardan başlayan qiymətlərlə keyfiyyət zəmanəti ilə təklif olunur. Bu, bir ədəd sayğacın qiymətidir. Böyük topdan sifarişlərdə qiymət xeyli aşağı - 5-6 dollara düşür. Qərb analoqları iki dəfə bahadır, təxminən 16-20 dollar. Amma yenə də “Azərsu”nun aldığı qiymətə - 65 dollara (110 manata) çatmır...

... 2016-cı il mayın 17-də tender qalibləri elan edilərkən dolların məzənnəsi 1 USD = 1,6 manat idi. Yəni, prezidentin ayırdığı 12 mln. manat dollarla ifadə edildikdə 7,5 mln. təşkil edirdi. “Azərsu” bu məbləğə azı 1 milyon Çin smart-sayğacı ala bilərdi. Halbuki, bütün abunəçiləri əhatə etmək üçün təxminən cəmi 0,5 mln. sayğac tələb olunur...



SİZƏ MARAQLI OLA BİLƏR