Gülnur Novruzova

Müstəqil jurnalist

ŞƏFQƏT DEYİL, ÖLÜM QOXAN SƏHİYYƏ

05.07.2017 / Azərbaycan səhiyyəsinin müasir mənzərəsi insanlarda etibar deyil, əksinə ehtiyat və nigaranlıq yaradır

Körpəsinin dünyaya gəlməsi Bakı sakini 19 yaşlı Sevinc Məmmədlinin həyatında ən gözəl günlərdən biri sayılacaqdı. Əgər ailə üzvlərinin iddia etdiyi kimi, həkimlərin məsuliyyətsizliyi və səhvi ucbatından körpəsinə həyat verərkən özü həyatından olmaq təhlükəsi ilə üz-üzə qalmasaydı. Bu ilin iyunun 4-də Bakı şəhər Perinatal Mərkəzində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuş edən Sevinc Məmmədliyə A(II)Rh+ əvəzinə, səhvən A(II)Rh – qan köçürüb. Bu haqda yerli mediaya açıqlama verən Sevincin ailə üzvləri, gənc ananın səhhətinin bu səbəbdən kəskin olaraq pisləşdiyini, artıq 20 gündən çoxdur ki, xəstəxanada ağır durumda olduğunu bildirirlər.

Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Lent.az-a açıqlamasında gənc anaya səhv qan vurulması haqda iddiaları inkar edib və bildirib ki, xəstədə qanın gemolizə uğraması, yəni qanın damarlarda parçalanmasının səbəbi başqadır. Amma nədənsə Perinatal Mərkəz Sevinc Məmmədlini iyunun 9-dan “Baku Medical Plaza”ya köçürdükdən sonra bu müəssisəyə 13.5 min manat pul da ödəyib.

Səhiyyənin şəfa vermədiyi ölkə

Obyektiv araşdırmalar aparılmadan və nəticələri ictimailəşdirilmədən hansı iddiaların doğru olduğunu söyləmək çətindir. Lakin son dövrlər ölkədə həkim səhvi, səhiyyədəki problemlər ucbatından insanların sağlamlığını, hətta həyatlarını belə itirmələri haqda xəbərlər artmağa başlayıb. Səhiyyə Nazirliyi hər dəfəsində bu iddiaları rədd və əksinə belə halların azaldığını sübut etməyə çalışsa da, baş verənlərdən bir şeyi sezmək çətin deyil. Artıq vətəndaşların ölkə səhiyyəsinə etibarı qalmayıb. Son zamanlar mətbuatda rast gəlinən oxşar hadisələrə nəzər saldıqda buna təəccüblənmirsən. Ən çox diqqət çəkənlərdən biri də şəkərli diabet xəstəsi olan 82 yaşlı Tərlan Əliyevanın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində sol ayağı əvəzinə sağ ayağının kəsilməsi hadisəsi idi. Bundan başqa ötən il Salyan rayon xəstəxanasında vaxtından əvvəl doğulmuş üçəmlər tibb müəssisəsinin işıqları söndüyündən küveyz aparatında dünyasını dəyişmişdi. Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında isə 33 yaşlı Lumu Veyisovanın öd kisəsindən əməliyyat olunarkən vəfat etməsinə, yaxınları 81 yaşlı həkimin əlləri əsdiyi üçün xəstənin damarını kəsməsinin səbəb olduğunu deyirlər.

Bu cür olaylarla bağlı Səhiyyə Nazirliyi isə adəti üzrə kimisə işdən azad etmək və ya töhmət verməklə kifayətlənir. Necə ki, öd kisəsi əməliyyatı zamanı xəstənin damarını kəsən cərrah Cəfər Quliyev sadəcə vəzifəsindən uzaqlaşdırıldı və xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verildi. Ölkə səhiyyəsinin keyfiyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən hər hansısa ciddi addımların atılmasına, layihələrin həyata keçirilməsinə rast gəlinmir.

Tibbi sığortanın tətbiqi yeni problemlərə yol açır

Yevlax şəhər sakini Nurlana Cabbarova deyir ki, onlara hələlik tibbi sığorta kartı verilməyib və sakinlər xəstəxanalara şəxsiyyət vəsiqələri ilə müraciət edə bilirlər. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə xidmətinin keyfiyyəti əksinə daha da pisləşib.


“İndiyədək də normal tibbi xidmət görmürdük. Lakin həkimə yaxşı pul verəndə nəsə tələb etmək olurdu. İndi ödənişsizdi, amma ölü xidmət demək olar. Əvvəllər pul xatir xəstəyə pis-yaxşı baxırdılar, indi həkimlər heç maraqlı deyillər. Yaxın qohumu əməliyyat etdilər. Lakin xəstəxanadan evə buraxmazdan, xərc olmasın deyə təkrar rentgen yoxlaması belə etmədilər. Bir sözlə, diaqnozu xəstənin üzünə baxıb yazırlar”, - Cabbarova belə deyir.

İnhisarlaşma səhiyyədən də yan keçməyib

Bir müddət Azərbaycanda çalışan döşvəzi xərçəngi üzrə mütəxəssis, Türkiyəli həkim Hamdi Köçər isə hesab edir ki, Azərbaycanda səhiyyənin bir nömrəli problemi heç də tibbi sığortanın tətbiq edilməməsi ilə bağlı deyil. Onun sözlərinə görə, səhiyyə xidmətində də inhisar mövcuddur və belə durumda hansısa keyfiyyətdən danışmağa zəmin yoxdur: “Mən dörd il ərzində Azərbaycanda davamlı olaraq işlədim. O müddət ərzində dörd klinikada fəaliyyət göstərdim. Lakin bütün klinikalardan Milli Onkologiya Xəstəxanasının göstərişi ilə işdən uzaqlaşdırıldım. Çünki qısa bir müddətdə xeyli xəstə mənə müraciət etməyə başladı və mən onu da aşkar etdim ki, qadınların çoxuna yanlış diaqnoz qoyulub və əksəriyyətinin cərrahi müdaxiləyə ehtiyacı yoxdu. Mənə müraciət edən təxminən iki min bu cür xəstədən cəmi 200-də xərçəng aşkar etmişdik”.

Səhiyyənin kadr düyünü də çözülmək bilmir

Hamdi Köçər deyir ki, Azərbaycanda həkimlərin ixtisaslaşdırılması sistemi də düzgün qurulmayıb. Bildirir ki, misal olaraq, Türkiyədə radioloji mütəxəssis olmaq üçün 4-5 il təhsil almaq gərəkdir. Azərbaycanda isə həkimlər yalnız 6 aylıq kurs keçməklə hansısa sahədə mütəxəssis kimi işləyə bilirlər.

Həkim, klinik tədqiqatçı Xədicə Hacılı da savadlı kadr çatışmazlığını ölkə səhiyyəsinin əsas problemlərindən hesab edir. Onun fikrincə bu sahədə əsas problem tibbi kadrlarını hazırlanması üçün düzgün təhsil sisteminin olmamasındadır: “Digər ali təhsil müəssisələrində olduğu kimi, Tibb Universitetində də ciddi korrupsiya mövcuddur. Tədris proqramı da tələbələrin yaxşı qavraması və tədris olunanların düzgün tətbiqi hədəfi ilə hazırlanmayıb. Klinik praktika da çox zəif tədris olunur. Ölkəmizdə xaricdə rezisdentura təhsili alıb Azərbaycana qayıtmış kadrlar var. Artıq 2000-ci illərdən başlayaraq üç yüzə yaxın mütəxəssis xaricdə təhsil alıb. Lakin səhiyyə xidmətinin keyfiyyətində ciddi inkişaf sezilmir. Çünki bu inkişaf sadəcə həkimlərin öz şəxsi təşəbbüsləri və özəl xəstəxanalar kommersiya maraqları ilə məhdudlaşır. Bu gənc həkimlərə daha çox özəl klinikalar qucaq açır”.

Gözləntilər və bu günün acı gerçəyi

Xədicə Hacılı hesab edir ki, icbarı tibbi sığortanın düzgün tətbiqi səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasında ciddi təkan ola bilər. Belə ki, bu layihənin icrasına məsul olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətlərinin əsas alıcısına çevriləcək. Bu həm də sözügedən quruma xidmətin keyfiyyətinə nəzarəti də həyata keçirmək imkanı verəcək.

Hazırkı Azərbaycan səhiyyəsinin mənzərəsi isə tam başqadır. Bu gün həyatda qalmaq uğrunda mübarizə aparan 19 yaşlı Sevinc Məmmədlinin Bakı şəhər Perinatal Mərkəzində doğuş etməsi üçün ailəsi 1000 manat pul da ödəyibmiş. Mərkəzdən “Baku Medical Plaza”ya köçürülən gənc ananın sağalması üçün isə, yaxınları borc-xərc edib hər gün müəssisəyə 240 manat pul ödəməyə məcburdur.



SİZƏ MARAQLI OLA BİLƏR