Aytən Fərhadova

Müstəqil jurnalist

DAŞ HASARIN O BİRİ ÜZÜ

10.01.2018 / Dövlətə sığınmış əlillər dövlət büdcəsindən vəsait ayrılmadan, "daxili imkanlar" hesabına yaşayırlar

Onlar Bilgəhdə yerləşən ahıl evinin hasar qonşusudu. İnzibati bina olaraq tikilən ikimərtəbəli yataqxana 1-ci və 2-ci qrup əlilliyi olan vətəndaşlara sığınacaq olaraq verilib. Dövlətin himayəsindən bir otaq və həftəlik, aylıq aldıqları bəzi ərzaqlar onlar üçün adiləşən görüntüdü. Ahıl evinin ağacları və skamyaları yataqxana sakinlərindən uzaqdı. Sanki doğmalar qucaqlanıb yadlar isə könüldən iraq tutulub.

Birinci mərtəbədə yanaşı iki otaqdan birinin kandarında kustar üsulla taxta pandüs düzəldilib. Qapı şərçivəsini aşmaq üçün.

"Sosial işçimiz yoxdur"

"Tualetə gedib-gəlmək üçün böyük əziyyət çəkirik. Qapısı, içi dardı. Araba içində fırlanmır. Sosial işçimiz, medsestramız, sanitarkamız yoxdu. Bizə baxan yoxdu. Bizi tullayıblar. Prezidentimiz, Mehriban xanım bizi eşitmir, bilmirlər bizim burda qaldığımızı. Bizi salıblar "türməyə". Zaborun hündürlüyünə bax, gör ondan hündürü varmı?" - yataqxana sakini Sərdar Mahmudov deyir.

Qəza nəticəsində hər iki ayağını itirən S.Mahmudov 2007-ci ildən ahıllar evində yaşayıb, son bir neçə ildi yataqxanada məskunlaşdırılıb. Yataqxanaya sığınan 16 əlildən biridi. Bu sakinlərin əksəriyyəti 1-ci qrup əlilliyi olan kəslərdir.

"Bura təcili yardım çağıranda da gəlmirlər, tapa bilmirlər. Qonşu otaqda 1-ci qrup əlil yaşayır, tez-tez yıxılır. Arabanın təkərləri tualetin girişinə "ilişir". Yıxılanda gücümüz çatmır, müdirə zəng vururuq ki, gəlin".

170 manat pensiya alan Mahmudov şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Burada xaraktercə bir-birinə uymayan əlillərin qonşu otaqlara salındığını deyir. Bu əlillərin də paylaşdıqları eyni hamam-tualet və mətbəxləri var. Bəzən tez-tez mübahisələri də düşür.

Çətinliklə bir göz otaq-evin küncündə ömür sürən Sərdar buradakı 5 nəfərə ahıl evindən ərzaq verildiyini söylədi: "Digərlərinin ərzağı Ramanadakı ahıllar evindən göndərilir. Ayda makaron, vermişel, duru yağ, kartof-soğan, 1-2 kq da ət alırıq. Nə balıq, nə toyuq... Meyvə də görmürük".

Fotosunu çəkməyə icazə istəyəndə güzgüyə baxır. Otağını yüngülcə təmizləyib. Ancaq yenə də addım atanda tozu hiss edirsən. Bir də tər qoxusunu.

Paltaryuyan yoxdur, soyuducunu da özləri alıblar

"Paltarımızı yuyan yoxdu. Özümüz aparıb ona-buna pul verib yudurduruq. Tualetə gedəndə otaqda soyunub getmək istəyirsən, ancaq olmur. Yataqxana şəraiti imkan vermir. Çox çətindi, bizim üçün çətindi... 170 manat müavinət alıram. Dərmanlarım bahadı..."

Köməkləşib otaqlarını təmizləyən sakinlərin mətbəxləri mebellə təmin olunub. İki-iki, üç-üç yerləşdirilən əlillərin bəziləri evli, bəziləri subaydı. Şərait hamsı üçün eynidi. Soyuducunu özləri alıblar, paltar yuyan maşınları, kondinsionerləri, televizorları olmayıb. Kondinsioner üçün naqillər çəkilib, özü olmasa da. Əlillər yayda dözülməz isti olduğunu deyirlər.

Birinci qrup əlil kiçik saplıcanı dizinin üstünə qoymuşdu. Yeməyini təzəcə bitirmişdi. Çəkiliş olub-olmaması ilə maraqlanıb üstündəki çirkli köynəyi dəyişmək istədiyini dedi:

"Özüm bişirmişəm. Ayağımın üstündə aparıb-gətirirəm. Keçən dəfə qazan aşdı ayağımı yandırdı. Harda görünüb ki, birinci qrup əlil özünə yemək bişirsin? Yanvar ayından gəlmişəm. Prezidentimiz deyir ki, bu millətin birinci xidmətçisi mənəm. Heç bir tərəfdən bizə kömək olunmur. Otaqda toza-torpağa baxın, yatdığım kravata baxın. Nuh əyyamından qalıb" - deyir, Məmmədhüseyn Hüseynov.

M.Hüseynov 1-ci qrup əlildir. Ailəsi olsa da 2008-ci ildən onlardan imtina eidb.

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirdi ki, Mərdəkan Müalicə Pansionatında əsaslı təmirə dayanıb. Pansionatın fəaliyyətinin tamam dayandırılması ilə bağlı olaraq müəssisədə məskunlaşmış ümumi səbəbdən əlilliyi olan bir qrup şəxs çıxarılıb. Ancaq nazirlik onların yaşayış yeri ilə təmin edilməsinin qayğısına qalıb. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin ərazisindəki ikimərtəbəli yaşayış binası dövlət büdcəsindən vəsait ayrılmadan, sponsorların köməyi ilə təmir edilib. Əlillərin (bir qismi tək yaşayır, qalan hissəsi isə ailəlidir) istifadəsinə verilib. Binadakı mənzillərdə normal yaşayış şəraiti yaradılıb. O cümlədən, sözügedən bina sosial xidmət müəssisəsi olmadığından ayrıca sanitar və tibb xidmətinin yaradılması qanunvericilikdə nəzərdə tutulmayıb.

"Vallah, səkkiz ildir əlillər evindəyəm, nə konsert görürəm, nə park görürəm, nə müalicə, nə də putyovka görürəm. 140 manat alıram, bilmirəm praşoka verim, bilmirəm işığa verim, hər şeyə tamarzıyam. Mer-meyvənin nübarın eləmədim. Sağ olsun, xeyirxah adamlar. Beynəlxalq əlillər günündə 30 manat bizə pul verilməlidi, onun üçün bizdən kağız istəyirlər. Onu bizim kartımıza köçürə bilərlər də" - M.Hüseynov söyləyir.

"Polis gücü ilə bizi bura gətirdilər"

Gözdən qulaqdan uzaq olduqlarını deyən əlillər Ahıllar evində təşkil olunan konsertin uzaqdan səsini eşitdiklərini söyləyirlər. M.Hüseynov deyir ki, onlarla maraqlanan yoxdu: "2010-cu il aprelin 7-dən gəlib düşmüşəm Ramanaya. Bizi ordan çıxardıblar remont adı ilə. İki il Bilgəhdə qalmışıq. Ən yaxşı günlərim orda olub. Sonra yenə remont adıyla Mərdəkana göndərdilər. Dörd il də qalmışıq Mərdəkanda. Bu il də yanvarın 22-də bizi gətirdilər bura. Dedilər, darıxmayın, işçisi olacaq. Yaxşı olacaq. Polis gücü ilə bizi bura gətirdilər. Düzü, bura gəlmək istəmirdim. İşığımızı kəsdilər, məcbur qalıb gəldik".

"156 manat pul alıram. Üç gündür pulum qurtarıb. Putyovkalarımızı satırlar. 27 yaşından əliləm. Qatarın altına düşmüşəm" - deyir, birinci qrup əlil İlqar Qəniyev.

ƏƏSMN əlilliyi olan şəxslərə 3 dekabr - Beynəlxalq Əlillər günü ilə bağlı verilən müavinətə də aydınlıq gətirdi: "Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən ödənilən birdəfəlik yardımlar həmin şəxslərin plastik kartlarına köçürülür və bu sahədə hər hansı problem özünü göstərməyib. Hansısa əlilliyi olan şəxsin ona ayrılmış yardımı almaqda çətinlik çəkdiyi barədə müraciəti də olmayıb".

Ev üçün illərdir növbə gözlədiyini deyən Qəniyev ümumi əlillər üçün bu məsələnin böyük problem olduğunu söylədi.

Nazirlik isə ümumi əlillər üçün nəzərdə tutulan mənzil probleminin onların səlahiyyətində olmadığını dedi.

Birinci qrup əlil H.Məmmədhüseyn gəzmək şansının olduğunu, amma müalicəsinin düz getmədiyini bildirdi:

"İstəyirəm məni yaxşı bir şəraitlə təmin etsinlər. Ya etsinlər, ya da məni aparıb dəniz kənarında güllələsinlər. Burda 3 otaq var 3 əlil birgə yaşayırıq. Hamam-tualeti təmiz işlədən var, çirkli işlədən var. Ancaq təmizləyən yoxdur, özümüz etməliyik."

Nazirlik bildirir ki, qurumun yanında Dövlət Sosial Müdafiə Fondunun hər bir rayon (şəhər) şöbəsində müvafiq rayonda (şəhərdə) yaşayan əlilliyi olan şəxslərin sayına uyğun sosial işçi ştatları var. Həmin vətəndaşların sosial xidmətlərə ehtiyacı olanları müraciət etdikdə, sosial xidmət haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə sosial işçilərin ayrılması məsələsinə baxılır. Sözügedən binada yaşayan əlilliyi olan şəxslərdən də hər hansı biri müraciət edərsə, ona sosial xidmətlərin göstərilməsi məsələsinə qanunvericiliyə uyğun qaydada baxılacaq.

Yataqxana sakinlərinə qidalar açıq halda verilir. Onlar bitki yağını 1 litrlik meyvə şirəsi şüşələrində alırlar. Yağın hansı firmaya məxsusluğu və saxlanma müddəti yoxdu. Meyvə şirəsinin şüşəsinin üzərində "Natural 1001" yazılıb. Şüşənin üzərində fiziki şəxs Səfərov Cavanşir Zülfüqar oğlunun adına VÖEN və ünvanı verilib. C.Səfərov Şəmkir rayonunda qeydiyyatdadır və fiziki şəxs olaraq 14 saylı vergilər idarəsinin sadələşdirilmiş vergi ödəyicisidir. Nazirliyin açıqlamasına görə, əlillərin ərzaqla təminatı sadəcə nazirliyin daxili imkanları hesabına, humanist mövqedən yardım formasında həyata keçirilir və verilən ərzaqların da keyfiyyətinə nəzarət olunur. Nazirlik bu ərzaqların hansı şirkədən alınması ilə bağlı sualımızı cavablandırmayıb.

Kulinar Məhəmməd Abdullayev deyir ki, əlillərə verilən yağın tərkibi araşdırılmalıdır: "Yağ əriyəndə kənarlarda toplanırsa bu, demək ki, marqarindir. Duru yağın bəzilərində qatılaşma çox olur. Həmin yağda da qatılaşma çoxdu. Bu cür yağlar daha çox bir dəfə, yalnız qızartmalarda istifadə olunacaq yağdır. Bütün yeməklər üçün deyil. Duru yağlar kimyəvi yolla da alınır. Bizdə əsasən bu cür yağlar otellərdə işlənir. Maddələr mübadiləsinə ciddi zərər vurur".

Bilgəhdə məskunlaşdırılan əlillər Mərdəkandakı əlillər evinə qayıtmaq istədiklərini deyirlər. Orda sanitar işçiləri, tibb bacıları, onlara qulluq edən şəxslər olub. Qarşılarını nə daş hasar kəsib, nə də bu qədər gözdən uzaqda olmaqları onları incidib.