Aynurə Heydərova

Müstəqil jurnalist

1-Cİ MİKRORAYON NECƏ KÖÇÜRÜLƏCƏK?!

27.03.2017 / “Pilot layihə” özünü doğrultsa, Bakının başqa ərazilərdində də “Xruşovka”ları söküb yeni binalar tikəcəklər

Bakının 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə baş nazir Artur Rasizadənin imzaladığı qərar paytaxda yeni bir tikinti dalğasını qaçılmaz edib. Qərara əsasən, həmin ərazidəki "Xruşovka" kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulduğu və öz istismar müddətini başa vurduğu bildirilən 5-9 mərtəbəli 30-34 binanın sökülməsi planlaşdırılır. Bu binaların hər birində 45 mənzil var və 1729 ailə yaşayır.

Yeni layihə 29 hektar ərazini əhatə edəcək. Hazırda həmin ərazidə 29 ədəd 4 bloklu beşmərtəbəli, 4 ədəd 4 bloklu 9 mərtəbəli və 1 ədəd 5 bloklu 16 mərtəbəli bina var. Həmçinin 6 ədəd 10, 12 və 17 mərtəbəli yeni yaşayış binaları da var. Həmin binaların yeni yaşayış kompleksinə uyğun təmir ediləcəyi deyilir.

Qərarda bildirilirilir ki, layihə ilə bağlı sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Həmçinin bu qurum işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmalı və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup da yaradılacaq.

Baş nazirin müavini Abid Şərifov mediaya açıqlamasında layihənin təşəbbüskarının FHN olduğunu təsdiqləyib və məsələnin ölkə başçısı ilə razılaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, sözügedən ərazidəki evlər SSRİ dövründə Niktia Xruşovun icazəsi ilə fransızlar tərəfindən tikilib.

"Həmin evlər fransızlar tərəfindən Əlcəzairdə neft sahəsində işləyənlər üçün tikilirdi. SSRİ dövründə Bakıda evsizlik ciddi problem olduğu üçün Niktia Xruşov panel evlərin tikintisinə icazə verib. Amma bəla ondadır ki, bu evlərin hamısı betondan tikildiyinə görə, bütün müvafiq normativlər pozulub. Bu cür evlərdə yaşayanların əksəriyyəti xəstəliyə məruz qalır. Mən özüm bir neçə ay həmin panel evlərində yaşamışam. Orda "otopleniye" adlandırdığımız istilik sistemi də çürüyüb. Təmiz beton, linoleum... kimin imkanı varsa, parket quraşdırır, imkanı olmayan isə məlum vəziyyətdə olur. Ona görə, bu evlərin sökülməsi təqdirəlayiqdir. Mikrorayondakı evlər bir-bir söküləcək. Həmin ərazidə 9-12 mərtəbəli evlər tikiləcək. Təbii ki, sosial obyektlər də tikilmiş olacaq", - Şərifov belə deyir.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə layihə ilə bağlı mediaya açıqlamasında bildirib ki, bu pilotdur və özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək. Lakin o, köçürülmələrlə bağlı verilməsi nəzərdə tutulan kompensasiyanın miqdarını açıqlamayıb.

“Yeni binalardan ev və obyekt istəməyənlər köhnə mənzillərini sata da bilərlər. Həmin ərazilərdə çoxlu qeyri-yaşayış binaları var. Əgər bu qeyri-yaşayış sahələrinin sahibləri istəsələr, öz sahələrini birdəfəlik satıb, yeni tikilən binalardakı qeyri-yaşayış yerlərinə iddiaçı olmaya da bilərlər. Bu işlər tərəflər arasında bağlanmış müqavilələrlə idarə olunacaq", - Əsədov əlavə edib. O, vurğulayıb ki, evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq.

Layihəni Açıq Hökumət saytına şərh edən hüquqşünas Emin İsyaev düşünür ki, layihədə iştirak edəcək iki tərəf mülki hüququn sübyektləridir: “Biri özəl şirkət, digəri də mülkiyyətçilər. Dövlətin bu lahiyəsində iştirak edən özəl şirkət onsuz da layihədən kifayət qədər yararlanacaq və bu da normaldır. Ancaq bu yararlanmanın qarşılığında sakin evinin daha böyük sahə ilə əvəz olunmasını tələb etmək hüququna malikdir.” Hüquqşunas düşünür ki, qərada 10 faiz kimi artıq sahə nəzərdə tutulması sakinlərin narazılığına səbəb olacaq. “Burdan belə anlaşılır ki, tərəflərdən biri (tikintini aparacaq şirkət) həddindən artıq qazanacaq, mülkiyyətçilər isə yalnız 10 faiz artıq qazanc üçün illərlə adoptasiya olmuş mülkiyyətindən imtina etməli olacaq”, - deyə İsayev bildirib.

Layihədə digər diqqəti çəkən məqam odur ki, işlərin icrası FHN-ə tapşırılır. Halbuki, əvvəllər belə layihələrin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanlarına tapşırılır. Hüquqşunas düşünür ki, burada məqsəd söküntü işlərinin fövqəladə hal kimi təqdim etmək, binaların ömrünün bitməsini “əsaslandırmaq” ola bilər. “Eyni zamanda o da mümkündür ki, bu bir qədər miqyaslı və həssas məsələ olduğundan Bakı Şəhər İH-nə etibar edilmir”, - Isayev belə deyir.

Ölkənin hazıda xarici borclanamya getdiyi bir dövrdə Nazirlər Kabinetinin belə qərarları iqtisadi cəhətdən nə dərəcədə uğurlu ola bilər? İqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyevə görə də belə layihələrin məqsədi əslində iqtisadi canlanma yaratmaq cəhdidir. Ölkədə iqtisadi və investisiya fəallığının azaldığı, artım templərinin aşağı düşdüyü indiki şəraitdə belə layihələr əlavə investisiya cəlb etmək, tikinti sektorunda yeni iş yerləri yaratmaq və bunun hesabına iqtisadi artıma töhfə verməyə hesablanıb.

“Müqayisə üçün Bakının "Sovetski" deyilən ərazisi kimi, 1-ci mikraryon da yerləşmə baxımından çox cəlbedicidir. Bu layihəyə qoyulacaq investisiyaların mənbələri və sahiblərinin kimliyi maraq doğuracaq. Belə layihələrə gəlirləri əldə etmək marağında olan investorların daha çox həvəs göstərəcəyi şübhəsizdir (belə investorların haradan gələ biləcəyi də aydın görünür). Bakı şəhərinin Baş Planı yaxud İnkişaf strategiyası olmadığından məlum layihə çərçivəsində bu ərazidə yaşayış binaları ilə yanaşı daha nəyin tikilməsi, biznes-mərkəzlərin və başqa biznes təyinatlı obyektlərin nədən ibarət olması məlum deyil. Amma aydın məsələdir ki, buraya cəlb ediləcək investorlara elə gəlirlər vəd edilməlidir ki, bu layihədə iştiraka maraqlı olsunlar”, - Mehdiyev bildirir.

Baş nazirin qərarını Meydan TV-yə şərh edən "MBA Group" şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, layihə üçün təxminən 60 milyon manat lazım olacaq. Söküntünü, köçürmələri və sənədləşmələri əlavə etdikdə, xərclər 100 milyona çata bilər.

2006-cı ildən başlayaraq Bakıda və regionlarda dövlət qurumlarının və yüksək vəzifəli şəxslərə yaxın şirkətlərin özəl mülkiyyətə müdaxiləsi nəticəsində ölkədə mülkiyyət hüquqlarının pozulması adi hal alıb. Uzun illərdir bu məsələlər beynəlxalq təşkilatların hesabatlarında davamlı yer alır. Artıq bununla bağlı Avropa İnsan Haqqları Məhkəməsinə yüzlərlə şikayətlər göndərilib. 2016-cı ilin oktyabrında Konstitusiyaya edilmiş dəyişiklər artıq “social ehtiyaclar” adı altında da özəl mülkiyyətə müdaxiləyə legitimlik qazandırır. Çox güman ki, 1-ci Mikrorayonun sökülməsi kimi layihələrin əsaslandırılmasında bu dəyişiklərdən istifadə olunacaq.



SİZƏ MARAQLI OLA BİLƏR