"TURAN" İNFORMASİYA AGENTLİYİNƏ QARŞI CİNAYƏT İŞİ AÇILIB

10.08.2017 / Agentlik də Vergilər Nazirliyinin qərarından məhkəməyə şikayət edib

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti avqustun 7-də «Turan» İnformasiya Agentliyinə qarşı cinayət işi açıb. Avqustun 8-də isə Nazirlik tərəfindən agentliyin fəaliyyəti ilə bağlı səyyar vergi yoxlanılmasına başlanılıb.

Agentliyin rəsmi səhifəsində verilən məlumata görə, artıq ibtidai istintaq başlayıb.

Adı çəkilən departamentin qərarı başqa bir departamentin (Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) agentliyə 2014-cü ildən etibarən təxminən 27 min manat (16 200 dollar) əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edir.

Agentlik isə vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını qətiyyətlə təkzib edir, adı çəkilən qurumların əməllərini qanunazidd və açıq-aşkar qərəzli hesab edir. Bununla əlaqədar 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edən agentlik Vergilər Nazirliyinin hər iki departamentini cavabdeh qismində cəlb edib.

Agentlik qeyd edir ki, vergi orqanlarının hərəkətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 7, 10, 13, 14, 17 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqları, habelə 1 saylı Protokolun 1-ci və 7 saylı Protokolun 4-cü maddələrini pozur.

Məhkəmədə İnformasiya Agentliyinin hüquqlarını vəkil Fuad Ağayev müdafiə edəcək.