TƏXRİBAT YOXSA MƏSULİYYƏTSİZLİK?

27.08.2017 / Partlayış nəticəsində xeyli sayda hərbi qulluqçu həlak olub və ya ciddi şəkildə xəsarət alsa da bu açıqlanmır

“Əgər araşdırmalarımız düzdürsə, Azərbaycanın ən böyük silah anbarlarından biri yoxa çıxır, yəni söhbət Azərbaycan Müdafiə Nazirliyinin ən böyük silah anbarlarından birində baş vermiş hadisədən gedir”. Bu fikirləri Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Sümərinli Açıq-Hökumət portlaına Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindəki partlayışı şərh edərəkən bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində xeyli sayda hərbi qulluqçu həlak olub və ya ciddi şəkildə xəsarət alıb. Lakin, Nazirlik Azərbaycan jurnalistlərinin bu məsələ ilə bağlı araşdırma aparmalarına məhdudiyyət qoyur, hətta “online” mediada yayılan video-fotolar və araşdırma xarakterli məlumatları yığışdırılır.

“İlkin məlumatlarımız ondan ibarətdir ki, dövlətə yüz milyonlarla manat ziyanın dəydiyi şübhəsizdir. Partlama səbəbinin nə olduğunu demək çox çətindir. Müdafiə Nazirliyi ümumi məlumatlar yaymaqdadır və hər hansısa detallı, konkret məlumatlar hələlik verilmir. Hadisəyə adi bir məsuliyyətsizliyin səbəb olduğunu demək olar. Amma bu hadisənin düşünülmüş bir təxribat olduğunu da ehtimal etmək olar. Bir neçə ay bundan əvvəl Müdafiə Nazirliyində "casus qalmaqalı" ilə bağlı verilən bəyanatları yəqin ki, xatırlayırsınız. Bu hadisə həmin qalmaqala verilən bir cavab da ola bilər. Yəni hakimiyyət daxilindəki qruplaşmaların Rusiyanın dirijorluğu ilə həyata keçirdiyi plan da ola bilər. Amma bunu dəqiq söyləmək mümkün deyil. Hadisələrə real qiymət vermək üçün bir qədər gözləməliyik”, - deyə Cəsur Sümərinli bildirib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarındakı yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi və Sitalçay yaşayış məntəqələri ilə yanaşı daha 6 kəndin əhalisinin təxliyə edildiyi bildirilir.

Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən mətbuata verilən məlumatda 6 nəfərin qəlpə yarası aldığı deyilib. Lakin onların mülki şəxs və ya həbiçi olduqları barədə məlumat verilmir.