MEHMAN ƏLİYEV SAXLANILIB

24.08.2017 / Jurnalist 48 saat ərzində qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılmalıdır

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılaraq şübhəli şəxs qismində saxlanılıb. Bu barədə agentliyin rəsmi saytında məlumat verilib. Onun barəsində 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə ittiham irəli sürülüb.

Mehman Əliyevə dövlət vəkilinin təklif olunduğu deyilir. Amma Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.

* * *

Avqustun 24-də Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.

Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yayılıb. Bir sıra hökumətyönlü KİV-lər onun həbs edildiyi haqqında məlumat da yayıblar. Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib. "Onlar oturub nə isə gözləyirlər", deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.

Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, "tezliklə hər şeyin məlum olacağını" bildiriblər.

23 avqusda isə Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat ərzində dindiriliblər.