JURNALİSTLƏR "TURAN"IN OFİSİNƏ BURAXILMIR

16.08.2017 / Vergi əməkdaşları İnformasiya Agentliyinini ofisindən sənədləri götürür

Əslində sənədlərdə hər hansı problem yoxdur. İndi nə nəticə olacaq, qərar necə veriləcək, bu bizdən asılı deyil. Ancaq qəti deyə bilərəm ki, vergidən yayınma ilə bağlı iddia təsdiqini tapmayacaq. Deyirlər ki, 37 min manat vergidən yayındırılıb, bu, təsdiqin tapmayacaq». Bu fikirləri "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev agentlikdə aparılan axtarışla bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Avqustun 16-da Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları "Turan" İnformasiya Agentliyində yoxlamaya başlayıblar. Mehman Əliyevin sözlərinə görə, axtarış Nəsimi Rayon Məhkəməsinin qərarı ilə aparılsa da vergi əməkdaşları yoxlama ilə bağlı sanksiyanın surətini təqdim etməyiblər. Həmin sənəd yalnız tanış olmaq üçün göstərilib.

Axtarış zamanı sənədlər götürülür, jurnalistlərin şəxsi əşyalarına kimi baxılır. Axtarışla bağlı jurnalistlərin çəkiliş aparılmasına isə icazə verilmir və ümumiyyətlə media nümayəndələrinin ofisə daxil olmaması üçün qapıda bir neçə məmur dayanıb. Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, bu qadağalar qanunsuzdu.

Səhər saatlarından başlayan yoxlanış hələ də davam edir.

“Hal-hazırda burda jurnalistlərin fəaliyyətini qadağan edən bir məhkəmə qərarı da yoxdu. Qanunda da elə bir norma yoxdu, ona görə də burda içəri keçməyə qadağa qoyulması subyektiv yanaşmadı. Burda baş verən hadisənin qanuna uyğun olub-olmamasını cəmiyyətə çatdırmaq üçün jurnalistika bir vasitədir. Vasitənin istifadəsi heç bir halda məhdudlaşdırlmaz. Yoxlamaya gələnlər deyə bilər ki qanun çərçivəsində məhkəmə qərarını icra edirəm amma, məhkəmə qərarı konkret olaraq sənədlərin götürülməsi ilə bağlıdırsa, ordakı digər fəaliyyətlərə məhdudiyyət qoyulmayıbsa aydın şəkildə, bu artıq qanunla məhdudiyyət olmadığı üçün qanunsuz məhdudiyyət hesab olunacaq”,-deyə Ələsgər Məmmədli "Azadlıq" radiosuna bildirib.

"Turan" agentliyinə qarşı cinayət təhqiqatı avqustun 7-dən başlayıb. Vergi əməkdaşları elan edirlər ki, 2014-2016-cı illərdə agentlikdə 37 min manat vergidən yayınma olub. Agentlik bunu qəti şəkildə rədd edir və bəyan edib ki, cinayət işi sifarişli və qanunsuzdur.