DAHA İKİ JURNALİST AVROPA MƏHKƏMƏSİNƏ ÜZ TUTUB

17.02.2017 / Açıq Hökumət

Azərbaycanın iki jurnalisti – Aytən Fərhadova və Aynurə Heydərova ölkədən çıxmalarına qoyulan qada]aya görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Onlara ölkədən çıxış qadağası Meydan TV rəhbərliyinə qarşı başlanmış cinayət işi ilə əsaslandırılır.

Jurnalistlərin vəkili Fariz Namazlının sözlərinə görə, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi çərçivədə bir neçə jurnalistin, o cümlədən Aytən Fərhadova və Aynurə Heydərovanın ölkədən çıxışına qadağa qoyulub.

Aytən Fərhadova cinayət işi ilə bağlı İstintaq İdarəsində dindirilib. Aynurə Heydərova, ölkədə olmadığına görə, 2015-ci ilin noyabrında onun Gəncə şəhərindəki qeydiyyatda olan ünvanına Gəncə şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gedərək, ailə üzvlərini polis bölməsinə aparıb, jurnalistin fəaliyyəti ilə bağlı dindiriblər.

Vergilər Departamenti jurnalistlərin vergi fəaliyyətini yoxlasa da, hər hansı pozuntu tapmayıb.

Hər iki jurnalist məhkəməyə müraciət edərək, Baş Prokurorluğun onların ölkədən çıxışına qoyduğu qadağanın qanunsuz sayılmasını istəyiblər. Nəsimi rayon və Bakı apellyasiya məhkəmələri iddianın İnzibati İqtisad Məhkəməsinə verilməsini tövsiyə edərək, şikayəti icraata götürməkdən boyun qaçırıblar. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi də şikayətə baxmaqdan imtina edib. Nəticədə jurnalistlər Avropa Məhkəməsinə müraciət etməli olublar.

Onların ərizəsində Avropa Konvensiyasının 6.1-ci (məhkəməyə çatımlılıq hüququ), 13-cü maddəsinin (səmərəli müdafiə vasitələri hüququ) və 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı) pozuntusunun tanınması xahiş edilir.