Açıq Azərbaycan

Onlayn jurnal

AZƏRBAYCAN: GÜCLƏNDİRİLMİŞ REPRESSİYA

25.01.2018 / Hakimiyyət tənqidçilərini əzir, müstəqil qrupların fəaliyyətinə maneələr yaradır

Human Rights Watch özünün yeni 2018-ci il Dünya hesabatını dərc edib. Təşkilat 643 səhifəlik dünya hesabatında dünyanın 90-dan çox ölkəsində insan haqqlarının təcrübəsinə nəzər salır.

Hesabatda Azərbaycan da geniş yer alıb. Təşkilatın Azərbaycanla bağlı hesabatında bir çox məsələlər qeyd olunub. Ölkədə qeyri-hökümət təşkilatlarının işini mümkünsüz edən sərt qanunlar, siyasi fəalların və bloqerlərin həbsi, həbsxanalarda qeyri-insani davranışlar və vəkilləri siyasi işlərdə iştirakdan məhrum edən yeni qanun dəyişikləri tənqid olunub.

Hesabatla bağlı bloqda təşkilatın Cənubi Qafqaz üzrə direktoru Qiorqi Qogia bildirib ki: “Keçən illərdə hökümət onu tənqid edənlərə qarşı mütəşəkkül təzyiq təşkil etmiş və ölkədə müstəqil aktivizmin varlığını təhdid altına almışdır. Azərbaycan bu hücumu dayandırmalı, saxta ittihamlarla həbs olunmuş insanları azad etməli və müstəqil qrupların fəaliyyətinə imkan verməlidir”.

Hesabatda 2017-ci ildə həbsə göndərilmiş fəallardan iki illik həbs almış bloqer Mehman Hüseynov, 5 il 6 aylıq həbs olunmuş Elgiz Qəhrəman, qaçaqmalçılıqda ittiham edilmiş Gözəl Bayramlı da daxil olmaqla bir çox Xalq Cəbhəsi Partiyasının üzvlərinin həbsi, Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilmiş və 6 il həbs edilmiş Əfqan Muxtarlının adları qeyd edilib.

Bundan başqa əvvəlki illərdə həbs olunmuş bir çox jurnalist və aktivistlərin hələ də həbsdə qalması, 2013-cü ildə həbs olunmuş REAL Hərəkatının lideri İlqar Məmmədovun Avropa İnsan Haqqları Məhkəməsinin qərarına baxmayaraq azad edilməməsi də hesabatda öz əksini tapıb.

Həmçinin hökümətin milli təhlükəsizliyi əsas gətirərək Azadlıq radiosu da daxil olmaqla bir çox müstəqil və müxalif media orqanlarına girişi ölkədə bloklaması da qeyd olunub.

Sentyabr ayında hökümətin xüsusi reydi nəticəsində LGBT üzvlərinin həbs olunması, onların başqaları əleyhinə ifadəyə məcbur edilməsi, rüşvət istənilməsi və pis rəftara məruz qalması da hesabatda yer alıb. Ədalətsiz mühakimələrdən sonra, onlardan bəziləri 30 günlük həbs edilmiş, bəziləri isə cərimələndikdən sonra azad edilmişdir.

Dekabrda yeni qəbul olunmuş qanuna görə vəkillər kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmədə təmsilçiliyinin ləğv edilməsi də vəkilləri təmsilçilikdən məhrum edib. Müşahidəçilərin Azərbaycan vəkillər kollegiyasını buna görə tənqid edib. Vəkil Yalçın İmanov da kollegiyadan çıxarılıb.

ABŞ, Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları höküməti tənqidçilərini hədəfə aldığı üçün tənqid etmiş, ancaq hər hansı dəyişikliyə nail olmağa müfəvvəq olmayıblar. Avropa Birliyi Azərbaycanda həqiqi insan haqqları islahatlarına nail ola bilməsə də, hərtərəfli tərəfdaşlıq sazişi üçün danışıqları başlayıb.