Erkin Qədirli

REAL İdarə Heyətinin üzvü

"MƏMUR ÖVLADLARININ QUDURĞANLIĞI" HAQQINDA

08.08.2017 / Ayrıca götürülmüş hər hegemon istənilən an qarət üçün əlçatandır (Dissident şair Quberman)

Başlığı dırnaq içində yazmağıma təəccüblənməyin. Belə yazmağımın səbəbi sərt sözlərdən çəkinməyim deyil. Prezidentin də bu kontekstdə "qudurmaq" sözündən istifadə etdiyini bilirəm. Amma məni burada, bir çox mövzuda olduğu kimi, fərdi davranış deyil, sistem problemləri düşündürür. Odur ki, sizi də sözügedən problemə bu baxış bucağından baxmağa çağırıram.

Pulun gücsüzlüyü

Məmur övladlarını qudurdan puldurmu? Çoxlarının ağlına "hə" cavabı gəlir. Bu, şübhəsiz ki, belədir. Amma burada çox önəmli aydınlaşdırmaya gərək yaranır. Problem pulun özündə deyil. Pul yaxşı şeydir. Daha doğrusu, pulla çox yaxşı işlər görmək olur. Amma pul pis işlərə də yaraya bilir. Elədirsə, niyə pulu "yaxşı" adlandırdım? Çünki pulun tarixdə ümumi rolu, toplam təsiri yaxşıdır. Bu, böyük mövzudur, bu haqda ayrıca və dəfələrlə yazmaq gərəkdir. Burada sözümün canı başqadır.

Məmur övladlarını qudurdan pulun özü deyil, onun əldə olunması, yığılması, qorunması və xərclənməsi yollarıdır. Bizdəki korrupsiya ayrı-ayrı adamların qanunsuz işlərinin cəmi deyil, bütöv bir sistemdir. Bu sistemin içində pulun qanunsuz dövriyyəsinin özü bir qanunauyğunluqdur. "Qanunsuzluq" yalnız bayırdan (sistemin kənarından) baxanda görünür. Sistemin içində hər şey qanuna uyğundur - sistemin öz qanununa.

Yüksək vəzifəli şəxslərin "güclü" olduqları düşünülür və bu gücün mənbəyi pulda görülür. Anlaşılandır. Bununla belə, burada bir yanlışlıq var. Bizə elə gəlir ki, onların gücü yığdıqları puldadır. Amma bu, belə deyil. Onların gücü "hakim elita" kimi adlandıra biləcəyimiz korporativ kimlikdədir. Burada pulun böyük önəmi yoxdur. Bu adamlar sahib olduqları pulu asanlıqla itirə biləcəklərini yaxşı bilirlər. Belə münasibətlərdə pul - loyallıq (sadiqlik) ölçüsüdür. Daha çox pul - daha çox loyallıq. Faktiki olaraq, pul loyallığı təmin etməyin yeganə vasitəsinə çevrilir.

Bu, böyük problemdir - pul azalanda, loyallıq da azalır. Bu problemi həll etmək üçün, hakim elita, bir qayda olaraq, rentanı (burada "zəhmətsiz gəlir" anlamında işlədilir) artırmağa çalışır. Bunun çeşidli (həm qanuni, həm də qanunsuz) yolları var - rüsum, cərimə, rüşvət və s. Renta artımının qanuni yükünü toplumun üzərinə qoyurlar - rüsumları, cərimələri, dövlət tərəfindən nizamlanan qiymətləri və s. artırırlar. Bunun riski kütləvi etirazların yarana bilməsindədir. Bu riski azaltmaq üçün hakim elita güc strukturlarının (polisin, təhlükəsizlik orqanlarının və s.) imkanlarını genişləndirir, onların üzərində insan haqlarına bağlı məhdudiyyətləri qanunlardan çıxarır və s.

Problem ondadır ki, bunun üçün də pul lazımdır. Pulu haradan alsınlar? Asan yollardan biri və birincisi - rentayığıcılarının pulunu, ya da sayını azaltmaqdır. Sovet dissident şairi İqor Quberman'ın burada yerinə düşən sözləri var:

Во имя класса гегемона,
Чтоб неослабно правил он,
В любой момент доступен шмону
Отдельно взятый гегемон.

(Hegemon sinif adına,
Çünki o zəif idarə etməsin,
Ayrıca götürülmüş hər hegemon,
İstənilən an qarət üçün əlçatandır)

Ölkəmizdə bunun örnəkləri artır və getdikcə çoxalacaq. Bugünə qədər pul yığmış vəzifəli şəxslərdən pulun geriyə alınması, bəzilərinin işdən çıxarılması və s. prosesi gedir (elitadaxili təmərküzləşmə). Elə "övlad qudurğanlığı" kontekstində də bunu gördük (bir neçə yüksək vəzifəli şəxs buna görə vəzifədən çıxarıldı). Amma proses daha böyükdür, "övlad problemi" burada kiçik əhvalatdır. Bu problemə başqa yazıda qayıdaram.

Renta artımının qanunsuz yolları daha çoxdur - vəzifəli şəxslərin yığdığı pulları "xeyriyyə işlərinə" yönəltmək (sistemdaxili robinhudluq), satılan vəzifələrin sayını azaltmaqla satışa çıxarılan vəzifələrin qiymətini artırmaq və s. Amma loyallığı təmin etmək üçün bu da yetərli olmur. Ona görə də, əlavə zəmanət kimi, rentayığıcıları qohumlaşmağa başlayırlar (buna məcbur olunurlar). Bu məsələyə az sonra gələcəyəm. Qayıdaq pulun gücsüzlüyü probleminə.

İndiki sistemdə pul niyə gücsüzdür? Çünki: 1) qanunsuz yığılır; 2) azad deyil; 3) əlavə dəyər yaratmır. Üstəlik, pulun ömrü uzun ola bilmir. Yəni, belə sistemdə pulu gələcək gəlirlərə yatırmaq mümkün deyil. Pulu indi və burada xərcləmək lazım gəlir. Necə? Pulu haraya xərcləmək olar? Bunun çox sadə cavabı var - evlərə, villalara, torpaq sahələrinə, maşınlara, dəbdəbəli restoranlarda mənasız yeyib-içməyə, çalıb-oynamağa və s. Qanunsuz yığılmış, azad olmayan, əlavə dəyər yaratmayan pulu ancaq bu cür xərcləmək olur (başqa yolu qalmır).

Pulu bugün və burada xərcləmək ehtiyacı qəribə və təhlükəli sosial davranış növünü yaradır - pul fetişizmi. Burada pul, insanların arasında maddi dəyəri olan münasibətlərin ölçüsü olmaqdan çıxır, insanların özgüvəninə (özlərinə verdikləri dəyərə) çevrilir. Kimin pulu çoxdursa, onun nüfuzu da çox olur. Belə insanların və onların imkanlarından yararlananların ictimai davranışı qanunsuz və əxlaqsız örnəklərlə dolmağa başlayır. Bu, tərbiyə məsələsi deyil, sistem problemidir.

Doğrudanmı tərbiyənin yeri yoxdur?

Var, təbii ki. Amma burada söhbət ədəb-ərkandan getmir. Övlad tərbiyyəsi çox həssas və çox çətin məsələdir. Yaxşı insanların da pis övladları ola bilir. Yaxşı insanlar yaxşı tərbiyyəçi olmaya bilir. Bunların hamısı, doğru olsa da, başqa mövzudur. Əsas məsələ budur -sistem probleminin içində tərbiyyənin yeri haradır? Pul fetişizmi ortamında övladlar necə təbiyyələndirilməli? Pula ehtiyacı olmayan ailənin övladı olmaq böyük üstünlükdür, amma bu üstünlük həlledici deyil. Övladlara ilk növbədə bunu öyrətmək gərəkdir.

Pul xərcləməyin yekun hədəfi nədir? Müsbət emosiya! Hamımız, istisnasız olaraq, xoşladığımız şeylərə və işlərə pul xərcləməyə çalışırıq ki, nəticədə müsbət emosiya ala bilək. Pul bizə belə emosiyaları ala bilir. Yeməkdən, geyimdən tutmuş, intellektual zəhmətə qədər - hər şeyin və işin yekunu müsbət emosiya olur. Ola bilmirsə, deməli biz ya bacarmadığımız işlə məşğuluq, ya da gerçəkdən istəmədiyimiz şeylərin arxasınca gedirik.

Pul fetişizmi ortamında böyüyən övladların problemi ondadır ki, onlar, bir qayda olaraq, pulla alınması mümkün olmayan şeyləri istəyə bilmirlər. Onlar ədəb-ərkanı öyrənə bilər. Elələri az deyil. Amma ədəb-ərkan yalnız bayırdavranışa aid ola bilir. İçdavranış (yəni, insanın özünə təklikdə qoyduğu tələblər və məhdudiyyətlər) yalnız istəklərin tərbiyyəsilə əmələ gəlir. Pul fetişizmi ortamında bunu etmək çox çətindir. Hörmət, dostluq, sevgi, bilik və s. kimi dəyərlər heç bir pulla alına bilmir. Ona görə də sistem bu dəyərləri həmişə basqı altında saxlayır, hər cür saxtakarlığı, müftəxorluğu, yaltaqlığı və s. təşviq edir. Pul fetişizmi ortamında pulla alınması mümkün olmayan dəyərlərə üstünlük verənlər qıraqda qalır, onlara "əfəl", "maymaq" və s. kimi baxılır. Bununla belə, bu dəyərlər yox olmur, onları yaşadanları da hamı yaxşı tanıyır, onlara hörmət olunur.

"Hörmətsiz nüfuz" sahiblərini bu hal qəzəbləndirməyə bilmir. Toplumda çeşidli təcavüzkarlıq (aqressiya) örnəkləri yaranır və artır. İnsanlar bir-birinə qarşı acıqlı davranırlar, kimsəyə inanmırlar, özlərində belə əmin ola bilmirlər.

Əmlak durumu və qohumbazlıq

Pulun azaldığı dönəmdə loyallığın da azaldığını yuxarıda yazmışdım. Bunu hakim elitanın özü də yaxşı anlayır. Ona görə də loyallıq problemini pulsuz yollarla həll etməyə çalışır. Belə yolların ən asanı - qohumlaşmaqdır. Vəzifəli şəxslərin bir-birilə qohum olması (övladlarını evləndirməsi) sadəcə korrupsiya deyil. Bu, əslində, feodallaşmanın formasıdır. Niyə bizdə belə olur? İnsanlarımızın qohumcanlı olduğu məlumdur. Amma məsələ bunda deyil. Bu cür sistmelərdə qohumlaşmanın əmlak durumuyla birbaşa əlaqəsi var.

Siyasi və iqtisadi sistemimizin indiki durumunda əsas mülkiyyət münasibətləri daşınmaz əmlak üzərində formalaşıb. Daşınmaz əmlak iqtisadi münasibətlərin əksəriyyətini təşkil edəndə, siyasi sistem qaçınılmaz olaraq feodallaşır. Belə əmlakı qorumaq üçün mülkiyyətçilərin çevrəsi daraldılır. Ölkəmizdəki şirkətlərin əksəriyyətinin məhdud məsuliyyətli cəmiyyət (MMC) və qapalı səhmdar cəmiyyəti (QSC) olması heç də təsadüfi deyil. Üstəlik, daşınmaz əmlak fiziki mühafizə tələb edir. Bizdəki küçə polisinin (street police) sayının bu qədər çox olmasının səbəblərindən biri də budur.

Ölkəmizdə kapital var, amma kapitalizm yoxdur. Yuxarıda yazdığım səbəblərlə yanaşı, kapitalist münasibətlərin yaranmasına mane olan amillərdən biri də hakim elitada qohumlaşmanın dərinləşməsidir. Vəzifəli şəxslərin övladları elitadaxili qohumluq əlaqələrindən qırağa çıxa bilmirlər. Bunun nəticəsində, onların istəkləri düzgün tərbiyyə oluna bilmir - istədikləri hər şeyi yalnız pulla ala biləcəklərinə inanırlar. Pulsa belə sistemdə yalnız daşınmaz əmlaka yatırıla bilir. Nə qədər torpaq, ev, villa, otel və s. almaq olar? Daşınmaz əmlak sosial status məsələsinə çevrilir. Vəzifəli şəxslərin övladlarına aldıqları çeşid-çeşid bahalı maşınlar daşınar əmlak olsa da, onların sərbəst dəyəri (instrumental təyinatı) olmur. Belə maşınlara nəqliyyat vasitəsi kimi deyil, sosial statusun göstəricisi kimi baxılır. Maşın, onu idarə edənin özündən önəmli olmağa başlayır.

Hakim elitanın içində qohumlaşmanın dərinləşməsi loyallıq və əmlak problemlərini həll etmiş kimi görünsə də, daha böyük problemləri yaradır. Aydın funksional bölgünün, məsuliyyət payının, səlahiyyət məhdudiyyətinin, və s. olmaması icra intizamını gec-tez pozur. Elitadakı insanlar qohumlaşma hesabına bir-birinə loyal qalsalar da, onların işləri düz gedə bilmir. Sistem problemidir, sistemi dəyişmək gərəkdir.