Emin İsayev

Hüquqşunas

KONSTİTUSİYA DƏYİŞİKLİKLƏRİ MÜLKİYYƏT HÜQUQLARI ÜÇÜN NƏ VƏD EDİR?!

17.09.2016 / Hökumət

26 sentyabr 2016-cı il tarixində prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına bir sıra dəyişikliklər olacaq. Referendum aktı layihəsində Konstitusiyasının Mülkiyyət hüququ ilə bağlı 29-cu maddəsinə iki yeni (4-cü və 5-ci) maddə əlavə olunur. Həmin maddələrdə deyilir:

IV. “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.”

V. “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.”

Bir çox hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da mülkiyyət hüququ təkcə insan hüquqları kateqoriyasına aid edilməklə məhdudlaşmır. O, həm də dövlətin əsas sütunlarından biri kimi çıxış edir. Məhz buna görə mülkiyyət hüququ ilk olaraq, Konstitusiyanın “Dövlətin Əsasları” adlanan 2-ci fəsili altında, 13 maddədə müəyyən edilir.

Daha sonra Konstitusiyanın "əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlanan 3-cü fəsli altında olan 29-cu maddədə yenidən qeyd edilən mülkiyyət hüququ, əsas insan hüquqlarından hesab edilərək dövlət təminatı altına alınır.

Həmçinin Konstitusiyanın 155-ci maddəsində göstərilir ki, digər insan hüquqları kimi mülkiyyət hüququ da Konstitusiyanın 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və ya azadlıqlarından biri olub, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

2009-cu ildə Konstitusiyaya sayca ikinci dəyişiklik edildi. Bununla da Azərbaycanda xüsusi mülkiyyətin məcburi özgəninkiləşdirilməsi əsaslarından və ümumiyyətlə konstitutsiyadan "ictimai ehtiyaclar" anlayışı çıxarılmışdı. Bu o məqsədlə edilmişdi ki, təcrübədə xüsusi mülkiyyətin məcburi qaydada vətəndaşların əlindən alınması ilə bağlı xüsusi mülkiyyətə dövlət təminatı ilə uzlaşmayan tendensiya yaranmışdı.

Belə ki, xüsusi mülkiyyətin "ictimai ehtiyaclar" kimi qanunvericilikdə ətraflı izahı verilməyən, qeyri-müəyyən səbəblərlə məcburi qaydada əldə etməyə imkan yaradırdı.

Konstitusiyaya edilən həmin dəyişiklik və sonra "Dövlət ehtiyacları üçün torpaqların məcburi alınması haqqında" qanun qəbul edildikdən sonra xüsusi mülkiyyətin məcburi alınması ilə bağlı 5 əsas[1] müəyyən edildi. Bu da xüsusi mülkiyyətin məcburi özgəninkiləşdirilməsinə (expropriation) yönəlmiş qanunsuz müdaxilələri məhdudlaşdırdı.

Hazırki referendum aktı qəbul ediləcəyi halda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları genişlənəcək.

Belə ki, Konstitusiyaya edilən dəyişiklikdə xüsusi mülkiyyətin sosial öhdəlik yaratması qeyd olunur. Lakin “sosial öhdəlik” anlayışı olduqca geniş mənalarda istifadə olunur. Eyni zamanda konstitutsion və inzibati hüquq sistemində sosial öhdəlik daha çox dövlətin öhdəliyi kimi xarakterizə olunur. Bu səbəbdən “sosial öhdəlik” anlayışı ilə mülkiyyətçilərin kimin qarşısında öhdəlik daşıyacaqları və öhdəliklərinin sərhədlərinin hansı sahələri əhatə edəcəyi qeyri-müəyyəndir. Belə ki, mülkiyyətçilər müxtəlif sosial funksiya daşıya biləcək hansısa işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi məqsədilə mülkiyyətində olan əmlaka müdaxilələrlə üzləşə bilər. Belə geniş mülahizəyə açıq olan qeyri-müəyyənlik ölkədə zəif müdafiə olunan xüsusi mülkiyyətə təminatı ciddi şəkildə zədələmiş olacaq.

Narahatlığa səbəb olan digər məsələ, təklif edilən dəyişikliyin Konstitusiyada olan digər müddəa ilə ziddiyət təşkil etməsidir. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə, mülkiyyətin heç bir növünə üstünlük verilməməsi qeyd olunsa da, təklif edilən “xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur” müddəası, yalnız xüsusi mülkiyyətə aid edilməklə dövlət və ya bələdiyyə mülkiyyətində olan mülkiyyətə prioritet vermiş olur.

Bundan başqa 29-cu maddəyə edilən 2-ci əlavəyə görə “sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” müddəasında “sosial ədalət” anlayışı kifayət qədər geniş mənalarda ifadə olunduğundan, torpaq üzərində mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsasların özbaşına artırılmasına gətirib çıxaracaq.

Təklif edilən həmin müddəada ikinci əsas kimi “torpaqlardan səmərəli istifadə məqsədi” göstərilir. Torpaq qanunvericiliyinin adətən torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə, həmçinin təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlməsi belə məhdudiyyətləri nəzərdə tutmaq üçün legitim məqsədlərdən hesab olunur. Lakin torpaq qanunvericiliyində, xüsusi ilə Torpaq Məcəlləsində torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün xüsusi mülkiyyətçilər üçün vəzifələr müəyyən edilmişdir. Buna baxmayaraq, hazırki konstitusiya dəyişikliyi ilə Konstitusiyada torpaq üzərində mülkiyyət hüquqları daha sərt formada məhdudlaşdırılır.

Nəticə olaraq, Konstitusiya dəyişikliyi xüsusi mülkiyyətə yol verilə bilən müdaxilələr və məhdudiyyətlərin əhatə dairəsini genişlətməklə mülkiyyət hüququnun müdafiəsini daha da zəiflədəcək. O cümlədən Konstitusiyaya əlavə edilən qeyri-müəyyən ifadələr müstəqil və səmərəli məhkəmə müdafiəsi sistemi olmayan mühitdə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı ciddi mübahisələr və ziddiyətlərə gətirib çıxaracaq.


[1] dövlət ehtiyacları a) dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xəttlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; b) sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; c) müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; d) dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; e)dəniz limanının ərazisinin artırılması