Xalid Ağaliyev

Hüquqşunas

İNFORMASİYA AZADLIĞI - AVROPA MƏHKƏMƏSİNİN TƏCRÜBƏSİ

13.06.2017 / Macarıstanda qanunvericiliyə dəyişikliyin mübahisələndirilməsində açıqlığın təmin edilməməsini senzura kimi qiymətləndirilib

Azərbaycan informasiya azadlığı qanunlarını qəbul edən ölkələr ailəsinə 12 il əvvəl - 2005-ci ildə qoşuldu. Milli Məclis nəhayət ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən başlayaraq vətəndaş cəmiyyəti qurumlarının da yaxından iştirakı ilə hazırlanan “İnformasiya əldə edilməsi haqqında” qanunu qəbul etdi. Bunun ardınca qanunun icrası ilə bağlı da xeyli addımlar atıldı. Yüksək pillədə duran əksər dövlət qurumları internet saytlarını yaratdılar, onlardakı publik informasiyaları saytlarına daxil etdilər.

Əfsuslar olsun ki, qanunun qəbulu bu sferadakı problemləri çözmədi, qurumlardakı publik bilgilərə rahat çatım mühitinin yaranmasına gətirib çıxarmadı. Hazırda bilgi açıqlığı sahəsində durum 7-8 il əvvəllə müqayisədə daha da problemlidir. İnformasiya sorğularının icra durumu, saytların şəffaflıq göstəricisi olduqca aşağıdır.

Bu günlərdə Avropa Məhkəməsinin informasiya azadlığı hüququnun pozuntusu ilə bağlı Azərbaycandan göndərilən 10-a yaxın şikayəti araşdırmağa başlaması da bu problemlərin göstəricisidir. AİHM yəqin ki, yaxın bir il ərzində bu şikayətlər üzrə qərarlarını elan edəcək. Həmin şikayətlər əsasən, qanunla açıq elan edilən bilgilərin - hökumət qurumlarının fəaliyyət hesabatlarının, büdcə vəsaitlərinin xərclənməsi haqda hesabatların açıq tutulmaması ilə bağlıdır.

Bu yazıda Avropa Məhkəməsinin bilgi azadlığı ilə bağlı yanaşmasından və qurumun bu azadlıqla bağlı daha mürəkkəb məzmunlu şikayət üzrə Macarıstana qarşı çıxardığı qərardan bəhs ediləcək. Həmin qərarda mübahisə predmeti Azərbaycandan göndərilən şikayətlərdə olduğu kimi qanunla da birbaşa piblik elan olan sənədlərin açıqlığı yox, nisbətən fərqli bir sənədin - bir deputatın məhkəməyə verdiyi şikayətin açıqlığıdır.

Qanuna dəyişikliklərin Konstitusiya Məhkəməsində mübahisələndirilməsində açıqlıq

Qeyd olunduğu kimi, AİHM qərar –nin qərarı Macarıstanla bağlıdır. Belə ki, 2004-cü ildə macar parlamenti Cinayət Məcəlləsinin narkotik maddələrlə ilə bağlı cinayətlər bölümünə dəyişikliklər etmişdi. Bir qrup deputat isə bunun əleyhinə idi. Onlar hesab edirdilər ki, son dəyişikliklər Macarıstanın Konstitusiyasına ziddir. Elə həmin narazı deputatlar 2004-cü ilin martında Konstitusiya Məhkəməsinə şikayət etdilər. Onların istəyi dəyişikliklərin Konstitusiyaya uyğunluğunun araşdırılması idi. Deputatlar şikayətlə əlaqədar mediaya müsahiblər də verdilər.

Məsələ artıq xüsusi ictimai maraq kəsb etməyə başlamışdı.

Budapeştdə fəaliyyət göstərən QHT-lərdən biri, Mülki Azadlıqlar Birliyi yerli bilgi azadlığı qanununa əsaslanaraq, Konstitusiya Məhkəməsinə informasiya sorğusu göndərdi. Birlik xahiş etdi ki, deputatların göndərdiyi şikayətin surətini onlara təqdim etsinlər. Ancaq məhkəmə şikayətin surətini verməkdən imtina etdi. Məhkəmənin əsaslandırması belə idi: “İcraatda olan şikayət onun müəllifinin icazəsi olmadan kənar şəxslərə verilə bilməz!”. Maraqlısı həm də o idi ki, məhkəmə heç şikayəti vermiş deputatların rəyini də soruşmamışdı...

Mülki Azadlıqlar Birliyi bu qərarla razılaşmadığından 2004-cü ilin noyabrında Konstitusiya Məhkəməsinə qarşı iddia qaldırdı. O, Budapeşt Regional Məhkəməsindən xahiş etdi ki, Konstitusiya Məhkəməsinin üzərinə informasiya soğrusunda istənilən bilgini vermək vəzifəsi qoyan qərar qəbul etsin.

2004-cü ilin dekabrında isə Konstitusiya Məhkəməsi deputataların şikayətinə baxdı. Cinayət Məcəlləsinə narkocinayətlərlə bağlı edilən mübahisəli düzəlişlərin Konstitusiyaya uyğun olması haqda qərar verdi.

Budapeşt Regional Məhkəməsi isə Mülki Azadlıqlar Birliyinin iddiasını rədd etdi. Məhkəmə öz qərarında dedi ki, şikayət “məlumat” hesab oluna və bu tipli sənədə çatımlılıq informasiya əldə edilməsi qanunvericiliyi ilə mübahisələndirilə bilməz.

Birlik bu qərarla da razılaşmayıb, apelyasiya şikayəti verdi. Lakin Apelyasiya Məhkəməsi də şikayəti təmin etmədi. Qərarda deyilir ki, ərizəçinin istədiyi şikayət bir sıra “şəxsi” xarakterli bilgiləri özündə əks etdirib və onlara çatım müəllifin icazəsi olmadan mümkün deyil. Həmçinin bildirilir ki, digər qanuni maraqlar, o cümlədən, ictimai bilgilərə çatımlılıq naminə fərdi bilgilərin mühafizəsindən imtina edilə bilməz.

Mülki Azadlıqlar Birliyi bu qərarla da razılaşmayıb ikinci dəfə məhkəməyə müraciət etsə də, iddiası izahsız rədd edilir. Sonda Təşkilat Avropa Məhkəməsinə şikayət edir. Birlik öz şikayətində macar məhkəmələrinin qərarlarında onun milli qanunvericiliklə təsbit edilən ictimai bilgilərə çatım hüququ pozulduğunu qeyd edir. Qurum eyni zamanda Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı hüququnun pozulduğunu da iddia edirdi.

QHT-nin ictimai müzakirələr açmaq funksiyası

Mülki Azadlıqlar Birliyi şikayətində deyirdi ki, informasiyanın əldə olunması və ötürülməsi ifadə azadlığının ilkin şərtidir. Konstitusiya Məhkəməsi narkocinayətlərlə bağlı siyasətə dəxli olan şikayətin təfsilatlarına çatımı məhdudlaşdırmaqla, bilgi istəyən qurumu həmin mövzu ətrafında ictimai müzakirələr açmaq imkanından məhrum edib. Çünki Mülki Azadlıqlar Birliyi bu işdə mətbuatın funksiyalarından çıxış edib. Məqsəd toplum üçün açıq olan bilgiləri əldə etməklə, narkocinayətlərlə bağlı siyasət ətrafında ictimai müzakirə açmaq olub. Konstitusiya Məhkəməsi isə ictimai müzakirələr açmaq cəhdinə mane olub.

Şikayətdə o da qeyd edilib ki, dövlətlərin pozitiv öhdəlikləri var. Konkret olaraq bu işdə Macarıstan hakimiyyətinin mübahisə edilən informasiyanı əlavə olaraq toplamasına ehtiyac yox idi, çünki, həmin bilgi hazır idi, dərhal verilməsi mümkün idi. Hakimiyyətin yeganə öhdəliyi həmin informasiyaya çatımı qadağan etməmək idi. Ancaq hökumət buna əməl etmədi.

Ərizəçi həmçinin əlavə edib ki, Konstitusiya Məhkəməsi parlament üzvündən onun şikayətinin açıqlanmasına icazə verməsi barədə heç nə soruşmayıb. Buna görə də məhdudiyyətin həmin deputatın hüquqlarının müdafiəsinə xidmət etdiyini söyləmək də əsaslı deyil.

Şikayətə Avropa Məhkəməsində baxılarkən hökumət məhkəməyə bildirib ki, Avropa Konvensiyasının 10-cu maddənin 2-ci bəndi müəyyən şərtlərdə ifadə azadlığının məhdudlaşdırılmasına imkan verir. Hökumət ölkə Konstitusiyasının ifadə azadlığı və ictimai bilgilərə çatım hüququnu tanıdığını da etiraf edib. Amma onu da qeyd edib ki, milli qanunlar həmin hüquqların məhdudlaşdırılmasına da imkan verir. Hökumətin qeydlərində o da vurğulanıb ki, Mülki Azadlıqlar Birliyinin sorğu vasitəsilə istədiyi bilgi fərdi xarakterli olub, çünki orda millət vəkili barəsində fərdi məlumatlar və onun şəxsi fikirləri yer alıb. Ən başlıcası parlament üzvü şikayət verərkən onun açıqlığına razılığı olmayıb. Konstitusiya Məhkəməsi də bununla bağlı qərarını qapalı iclasda müzakirə edib, fərdi bilgiləri özündə əks etdirməyən ictimai bilgiləri dərc edib.

Hökumət hər hansı ictimai m'lumatlarla əlaqəli fərdi bilgilər olduğu halda, bu bilgilərin verilməməsi barədə məhkəmənin qərarının doğruluğunu təsdiqləyib. Hökumət hesab edib ki, daxili məhkəmələr millət vəkilinə aid olan şikayətə çatımın məhdudlaşdırılmasına haqq qazandırmaqla Konvensiyaya müvafiq addım atıblar, bu hərəkət qanuni xarakter daşıyıb.

Avropa Məhkəməsi şikayətə baxarkən qeyd etdi ki, toplum ümumi maraq kəsb edən məsələlərə dair informasiya almaq hüququna malikdir. Mətbuat azadlığı belə məsələlər üzrə informasiya və ideyaların yayılmasına xidmət edir. Mətbuat toplum üçün önəmli olan məsələlər üzrə cəmiyyətdə “Watchdog” funksiyasını həyata keçirdiyindən, hökumətin yaratdığı maneələrin aradan qaldırılmasında Məhkəmənin üzərinə xüsusi nəzarət funksiyası düşür.

Deputatların yanaşması - ictimai önəm daşıyan məsələdir

AİHM əlavə etdi ki, mübahisənin predmeti narkocinayətlərə dair qanunvericiliyin Konstitusiyaya uyğunluğu məsələsi olub. Məhkəmənin mövqeyinə görə, həmin qanunvericiliyə parlament üzvü tərəfindən təqdim olunan yazılı yanaşma ictimai əhəmiyyət kəsb edən məsələ hesab olunmalıdır. Buna görə də, ərizəçi ictimai önəmli məsələyə dair informasiyanın qanuni olaraq əldə olunmasına çalışıb. Hakimiyyət orqanları inzibati maneə yaratmaqla bu prosesin elə ilkin mərhələsində müdaxiləyə yol verib. Konstitusiya Məhkəməsinin informasiya üzərində monopoliyası senzuranın bir formasını təşkil edib.

AİHM daha sonra qeyd edib ki, Mülki Azadlıqlar Birliyi yerli informasiya qanunvericiliyinə əsaslanaraq sorğu verib. Hökumət isə mübahisə edib ki, ictimai əhəmiyyətli bilgi, fərdi bilgilərlə əlaqəli olduğundan, ərizəçinin ifadə azadlığı hüququna müdaxilə etmək üçün onların kifayət qədər əsasları mövcud olub. Avropa Məhkəməsi isə hesab edib ki, müdaxilə qanunsuz olub.

Məhkəmə hesab edir ki, bu iş sadəcə rəsmi sənədlərə çıxış hüququ məsələsi deyil, həmçinin mətbuatın funksiyasına bənzər ictimai nəzarətin həyata keçirilməsi məsələsidir. Buna görə də AİHM-in əvvəl baxdığı işlərdə olduğu kimi, burada da hakimiyyət orqanları tərəfindən mətbuatın funksiyalarının həyata keçirilməsinə yaradılan maneələri xatırladır. Bundan başqa, mətbuat azadlığına münasibətdə dövlətin öhdəlikləri, ictimai məsələlər üzrə funksiyaların həyata keçirilməsində yaranan maneələrin aradan qaldırılmasıdır. Məhkəmə qeyd edir ki, bu işdə ərizəçi tərəfindən sorğu edilən informasiya hazır və əldə edilə bilən olub. Hökumət tərəfindən hər hansı bir məlumatın xüsusi olaraq toplanmasına lüzum olmayıb. Buna görə də Məhkəmə hesab edir ki, dövlət, ərizəçi tərəfindən sorğu edilən informasiyaya çatıma mane olmamaq öhdəliyinə malik olub.

Dövlət xadiminin şəxsi hüquqlarla əlaqədar ictimai müzakirələrə tətbiq etməsi - ifadə azadlığı üçün fəsad

Avropa Məhkəməsi həmçinin qərarında qeyd edib, ərizəçi müəllifi barədə heç bir şəxsi məlumatı özündə əks etdirməyən konstitusiya şikayəti haqqında bilgi sorğusu verib. Bundan başqa, Məhkəmə millət vəkilinin şəxsi həyatının qorunması ilə bağlı hökumətin arqumentini tamamilə həqiqətə uyğun olmayan hesab edib. Çünki, deputat şikayət verməsi barədə mətbuata bilgi verib və buna görə də, qeyd olunan ictimai məsələ ilə bağlı onun şəxsi rəyi prinsipcə bəlli olub. Məhkəmə hesab edib ki, əgər dövlət xadimləri ictimai məsələlərdə öz şəxsi həyatları və şəxsi hüquqları əsas gətirərək ictimai müzakirələrə və mətbuata senzura tətbiq edərsə, bu ifadə azadlığı üçün fəsadlar törətmiş olacaq. Məhkəmənin fikrincə, hökumətin qeyd etdiyi fikirlər bu iş üzrə müdaxiləyə haqq qazandıra bilməz.

Məhkəmə qərarın sonunda qeyd edir ki, ictimai məlumatlaara çıxışa yaradılan əngəllər belə məsələlərin mediada və ya əlaqəli sahələrdə presedentə çevrilə bilər. Nəticədə, media orqanları artıq “ictimai nəzarətçi” olaraq özlərinin həyati əhəmiyyətli rollarını oynaya bilməyəcək, cəmiyyətin dəqiq və etibarlı bilgilərlə təmin edilmə imkanları sıfıra enəcək.

Beləliklə, AİHM Mülki Azadlıqlar Birliyinin Avropa İnsan Haqqları Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən ifadə azadlığı hüququnun pozulduğuna qərar verib.