Toğrul Maşallı

İqtisadçı

BİZDƏ QAZ SAYĞACI, ONLARDA İSƏ KOMPYÜTER VƏ HƏRBİ TEXNOLOGİYALAR

07.04.2017 / Azərbaycanda innovativ texnalogiyalar dövriyyəsi Ermənistanla müqayisədə 5 dəfə azdır

XXI əsrdə hər hansı bir sahənin inkişafı əsasən innovasiyalar və xüsusilə texnoloji innovasiyaların tətbiqi səviyyəsi ilə ölçülür. Buna görə, innovasiya sözü xüsusi aktuallıq kəsb etməyə başlayıb. Ümumiyyətlə innovativ texnologiyalarına əsaslanan qurumların yaradılması respublikada yerli məhsulların rəqabət qabiliyyətini artırır və beynəlxalq bazara çıxarılmasına səbəb olur. Müasir innovasiyaların əsasında texnologiyalar durur. Artıq indi yeni informasiya cəmiyyətləri və ya yüksək texnoloji inkişafa çatmış cəmiyyətlər formalaşmağa başlayır. Belə cəmiyyətlərin bəziləri artıq bizim bölgəmizdə də yaranmağa başladı. “Business İnsider”-in məlumatına görə, qonşumuz, Ermənistanda keçən il texnologiyalar sahəsi 20% artım göstərib (ÜDM isə yalnız 2%). Bəs yaxşı Azərbaycanda vəziyyət necədir?

Azı 5 dəfə fərq

2016-ci ilin nəticələrinə görə, Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı sahəsinin dövriyyəsi 18% artıb. Ermənistanla müqaisədə 18 və 20% arasında fərq o qədər də böyük deyil, amma burada da bis sıra məqamlar var.

Ermənistanda bu sahənin dövriyyəsi 475 milyon dollar, Azərbaycanda isə bu rəqəm cəmi 89 milyon manat təşkil edib, yəni Ermənistandakı dövriyyənin 18 faizi qədər. Orada sahənin əsasını kompüter texnologiyaları və hərbi texnologiyalar, bizdə isə bu artımın əsas hissəsini sayğac istehsalı tutur. “Azəriqaz”in sifarişlərinin hesabına 77% artım qeydə olunub.

İndi Ermənistan yerli planşet istehsalına başlamaq niyyətindədir. Vaxtilə Azərbaycan da eyni planlar qururdu. İnformasiya texnologiyaları sahəsinin böyük perspektivləri haqqında danışarkən, o qədər dərinə getmişdilər ki, Dövlət Statistika Komitəsinin rəsmi saytında İKT-a aid ayrı səhifə və məcmuələr hazırlanmağa başlandı. Deyilənə görə 2020-ci ilə Azərbaycanda İKT sahəsi inkişaf etmiş səviyyəyə çata bilməli idi. Amma elə DSK-in məlumatına görə, əgər hələm 10 il əvvəl Azərbaycanda inteqral sxemlər və mikro yığmalar, kompüter üçün klaviatura və monitorlar, müxtəlif ölçmə alətləri istehsal olunurdusa, bunlardan 2016-ci ilə kimi demək olar ki, yalnız bəziləri qalıb, onlarında çoxu cüzi sayda istehsal olunur.

Mozambik, Namibiya və Tacikistanla bir arada

Bir çox layihələr elə də layihə səviyyəsindən o yana keçə bilmədilər. Ümumi olaraq, Azərbaycan innovasiyalar üzrə uzağa gedə bilməyib. Baxmayaraq ki, hökumət daima peykin buraxılması və ya “ASAN Xidmət” tərəfindən təklif olunan xidmətləri innovasiya kimi təqdim edir, beynəlxalq reytinqlərdə bu öz təsəvvürünü tapmır. Hər bir sahədə olduğu kimi, innovasiya sahəsində də bir sıra vacib reytinqlər mövcuddur. Onlar arasında xüsusi yeri WIPO (Beynəlxalq Əqli Mülkiyyət Təşkilatı), Conson Kornell Universiteti və “İnsead” biznes məktəbi tərəfindən hazırlanan Qlobal İnnovasiya İndeksi tutur. Bu indeks iki əsas göstəricilər əsasında formalaşır – innovasiya üçün lazım olan şərait və son məhsul. Maraqlıdır ki, indeksin nəticələri və DSK tərəfindən keçirilmiş araşdırmalar, innovasiyaların ölkədə zəif olmasının əsas səbəblərində üst-üstə düşürlər.

Hesabat göstərir ki, Azərbaycanın indeksi 29,64 təşkil edir və bu göstəriciyə görə biz Mozambik və Tacikistan arasında 85-ci yerdəyik. Qeyd edilən əsas iki göstəricinin nisbəti olan innovasiyaların effektivliyi səviyyəsi də indeks tərtibatçıları tərəfindən müəyyən olunur. Azərbaycanda innovasiyaların effektivlik dərəcəsi isə 0,54 bərabərdir və biz 101-ci yerdə, Braziliya və Namibiya arasında qərarlaşmışıq. Qonşularımıza gəldikdə, ümumi vəziyyətə görə, Ermənistan və Gürcüstan 60 və 64-cü yerlərdə, effektivliyə görə isə 15-ci və 67-ci yerlərdə qərarlaşıblar.

Müqayisə edərkən, qeyd etmək lazımdır ki, Yerevanda Sovet dövründə Kompüter tədqiqat Mərkəzi yerləşirdi və hərbi kompüter texnologiyaları ilə bağlı sifarişlərin 40% buraya gəlirdi. Amma Azərbaycan da sovet vaxtında neft maşınqayırma sənayesində liderlərindən biri idi və bu sahə ilə bağlı yeniliklər məhz Bakıdan gəlirdi (müvafiq institutlar, konstruktor büroları burada yerləşirdi), amma indi nə neft maşınqayırması var, nə də innovasiyalar. Yuxarıda göstərdiyimiz indeks məhz bu suala cavab verməyə çalışır. Nəyə görə vaxtilə innovativ mərkəzlər hesab olunan yerlər, indi geridə qalırlar və nəyə görə digərləri əksinə inkişaf edirlər. İndeksə görə, innovasiyaların mövcud olması 5 əsas amilə əsaslanır: sərmayələr, institutlar, insan kapitalı, mövcud olan infrastruktur və biznes üçün yaradılan şərait təşkil edir. Bir çox ekspertlər Ermənistanda mövcud vəziyyəti əsasən institutlar ilə bağlayırlar. Azərbaycanda bu sahədə müəyyən problemlər var. Düzdür ölkədə “Xüsusi iqtisadi zonalar haqqında” qanun, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə” və başqa sənədlər qəbul olunub, hətta ayrı-ayrı sahələrdə innovasiyaları dəstəkləyən planlar da qəbul olunub. Ölkə üzrə “Azərbaycan-2020” inkişaf konsepsiyası da mövcuddur. Amma qəbul olunmuş planlar, əsasnamələr və qanunlar əsasən müəyyən ərazilərə və ya spesifik vəziyyətə aiddilər. Bu isə heç cürə innovasiyaların inkişafına kömək etmir. Çünki ölkədə innovasiya subyektlərinin yaradılması və səmərəli fəaliyyətinə təsir edən normativ-hüquqi baza yoxdur və dövlət dəstəyi tədbirlər sistemi tam işlənməyib. Məhz bunun nəticəsində ölkə üzrə müəyyən sahələrə yatırılan sərmayələrin həcmi azalır.

Innovasiyalar istehsalı sahəsinə sərmayələrin 46% azalması

Yeni innovasiyaların tətbiq edilməsi və ya işlənməsi əlavə investisiyalar tələb edir. Onların olmaması isə innovasiyaların tətbiq edilməsini məhdudlaşdırır. Belə ki, əgər ölkə üzrə ümumi investisiyaların həcmi 2013-2015-ci illərdə 1 milyard artıbsa (13%), innovasiyaları istehsal edən sahə - emal sənayesinə sərmayələrin həcmi 46% azalıb. Hətta emal sənayesinin ümumi investisiyalar arasında payı 11%-dən 5,7%-ə azalıb. Kompüter və elektron avadanlığın istehsalına investisiyalar isə 2005-2015 illər arasında yalnız 8,72 milyon manat investisiya yatırılıb (hətta 2014-2015-ci illərdə yalnız 100 min manat yatırılıb).

Ən maraqlısı odur ki, müxtəlif növ texnoloji innovasiyalara 2015-ci ildə 35 milyon manat xərclənib və əsas hissəsi emal sənayesinin payına düşür. Məlum olur ki, bu innovasiyalar yerli istehsallı yox, xaricdən idxal edilmiş avadanlığa aiddir və 1/3 içki istehsalda prosesin yenilənməsinə aiddir. Birbaşa innovativ məhsulun istehsalına isə 10 milyon manat xərclənib.

Səbəblərə gəldikcə, indeksə və DSK-nın məlumatlarına görə, buraya kifayət qədər pul vəsaitin və dövlət tərəfindən maliyyə yardımın olmaması, müəssisənin innovasiya potensialının aşağı olması, yeni texnologiyalar və satış bazarları haqda məlumatın çatışmaması aiddir. Bütün səbəblər demək olar ki, biznes şəraiti və infrastruktur ilə bağlıdır.

Normal biznes şəraiti və infrastruktur olmayanda

Normal bazar şəraiti çərçivəsində az pul vəsaiti məhdudiyyət kimi qarşılanmır. Çünki bu halda hər bir sahibkar banklara kredit üçün müraciət edə bilər və ya kredit almaq üçün dövlət dəstəyi əldə edə bilər. Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 14-17% arasındadır, və belə bir vəziyyət yalnız iri şirkətlərin daha aşağı faiz ilə kredit götürülməsinə görədir, çünki adi sahibkarlar üçün kredit faizi 22% yuxarıdır. Dövlət tərəfindən maliyyə yardımı göstərilməsi üzrə hər hansı bir dəqiq və konkret siyasət də mövcud deyil. Misal üçün, bir sıra ölkələrdə, innovasiyalara xərclənən vəsait adətən vergiqoyma prosesində müəyyən üstünlüklər verir. Azərbaycanda vergi üstünlükləri yalnız müəyyən ərazilərdə müəyyən dövr ərzində vergilərin ödənilməməsi ilə bağlıdır, başqa heç bir üstünlük verilmir. Nəticədə istehsal sahəsini müəyyən ərazi ilə məhdudlaşdırmalı olursan. Eyni zamanda ölkə üzrə mövcud olan sahələr – qida məhsulları, içki istehsalı innovasiya potensiallı sahələr deyil. Burada o qədər də yüksək ixtisaslı kadrlara tələbat görülmür və innovasiyalar əsasən istehsal prosesi ilə bağlıdır, istehsal prosesi isə tamamilə idxal olunmuş avadanlıq vasitəsilə həyata keçirilir. Başqa sözlə innovasiyaların yaranması üçün biznes şəraiti mövcud deyil.

Misal üçün, bütün dünyada pambıq yığımı prosesi pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir: bir neçə işçi bütöv ərazidən pambığı bir neçə günə yığa bilir. Ölkədə isə ərazilərin az olması və kiçik ərazi üçün texnika alınmasının sərf etməməsi innovasiyaları məhdudlaşdırır. Hətta yeni innovasiyaların tətbiqi infrastruktur məsələsi ilə toqquşur. Ölkədə yeni istehsal sahələrinin və ya avadanlıqların təmiri və ya saxlanılması üçün infrastruktur demək olar ki, yoxdur.

Beləliklə, ölkədə innovasiyaların olmaması bir neçə şərt ilə bağlıdır – sərmayələrin və səmərəli dövlət dəstəyi mexanizminin mövcud olmaması ilə bağlıdır. Bu dəstək isə ayrı-ayrı subsidiya və ya ödənişlər ilə yox, vergi güzəştləri, infrastrukturun yaradılması, investisiyaların təşviqi və digər faktlar ilə bağlıdır. Innovasiyaları bu cür infrastrukturun yaradılması təşviq edə bilər.